Unudulmuş şəxsiyyətlər-Əmir Kazım Mirzə Qacar
Bölmə: Araşdırma › ,Tarix: 23:20 05.01.2024
Əmir Kazım Mirzə Qacar 1853-cü ildə Şuşa şəhərində anadan olub. İlk təhsilini Tiflis gimnaziyasında alan Əmir Kazım, 20 yaşında Peterburqdakı Nikolayev süvari məktəbini bitirir. Cəbhələrdə göstərdiyi qəhrəmanlıqları sayəsində Əmir Mirzə general mayor rütbəsinə kimi ucalır.
Əmir Kazım Mirzə təkcə hərbçi deyildi. O, xalqımızın maariflənməsində də yaxından iştirak edib. Əmir Mirzə Tiflisdə və ayrı-ayrı qəzalarda ibtidai məktəblərin açılmasına maddi cəhətdən kömək göstərir və kasıb balalarını öz xərcinə oxudurdu. Əmir Mirzə həmçinin 1910-cu ildən Qafqaz Müsəlmanları Xeyriyyə Cəmiyyətinin fəxri üzvü olub. 1913-cü ildə "Molla Nəsrəddin" jurnalı daha bir məhkəməyə çəkiləndə, onun müdafiəsinə qalxanlar arasında Əmir Kazım Mirzə Qacar da vardı.
Cümhuriyyət qurulandan bir az sonra – 1918-ci il dekabrın 1-də Əmir Kazım Mirzə hərbi nazir Səməd bəy Mehmandarova müraciət edərək vətənə xidmət etmək istədiyini bildirir. Bir müddət sonra Səməd bəy Mehmandarovun əmri ilə Əmir Kazım Mirzə Gəncənin komendantı təyin olunur. Cümhuriyyət dövründə vətəninə şərəflə xidmət edən Əmir Kazım Mirzə Qacar Aprel işğalından sonra Gəncə üsyanında fəal iştirak edir. Döyüşlərdə əsir düşən Əmir Mirzə 1920-cu ildə fövqəladə komissar Tixarelinin əmri ilə Gəncə şəhərində öldürülür.
Şərəflə ömrünü başa vuran bu qəhrəmanı, Məhəmməd Əmin Rəsulzadə "Azərbaycan Cümhuriyyəti" əsərində xatırlayır və onu "İstiqlal Şəhidi" adlandırır.
Yusif Mamedov