"Whatsapp"dan kiberdələduzluğa-Mütəxəssislərdən XƏBƏRDARLIQ

Bölmə: Sosial › ,
Tarix: 18:41 29.01.2024

Son günlərdə ölkə ərazisindəki "WhatsApp" istifadəçilərinin profilinə kütləvi şəkildə haker hücumu olub. Nəticədə bəzi insanların bank hesablarından vəsaitlər oğurlanıb. Məsələ ilə bağlı Elektron Təhlükəsizlik Xidməti açıqlama edib.

 

Kiber dələduzların hücumundan "WhatsApp " istifadəçilərinin bir çoxları vaxtında duyuq düşsə də, bəziləri çox gec anlayıb. Hesablarından qəfil pullarının itdiyini görənlər əvvəlcə bankları günahlandırsalar da, sonradan əsl səbəbin "WhatsApp " olduğunu başa düşüblər. 

 

Bu haqda texnobloqer Fərid Pərdəşünas facebook profilində paylaşım edib. O bildirib ki, hakerlər adıçəkilən saxta sosial platforma üzərində vətəndaşların bank tətbiqlərinə giriş əldə etməklə özlərinə lazım olan əməliyyatları icra ediblər.

 

Yaranmış vəziyyətlə bağlı Elektron Təhlükəsizlik Xidməti "WhatsApp " istifadəçilərinə müraciət edib. ETX-nin sektor müdiri Ləman Hüseynzadə qeyd edib ki, vətəndaşların maliyyə itkisi ilə üzləşməsinin, eləcə də onların fərdi məlumatlarinin oğurlanmasının və cihazlarının zərərverici proqramlara yoluxdurulmasının son zamanlar ən böyük səbəblərindən biri "watsapp plus" və digər bu kimi etibarlı mənbələrdən yüklənməyən, rəsmi olmayan tətbiqlərin yüklənməsi nəticəsində baş verir.

 

"Kiberdələduzlar vətəndaşların ələ keçirdiyi bu məlumatlarını, fərdi məlumatlarını 3-cü tərəflərə ötürə bilər və ya vətəndaşların cihazlarından növbəti kiberhücumların həyata keçirilməsi üçün istifadə edə bilər". 

 

"WhatsApp "ın səbəb olduğu digər oğurluqlar isə vətəndaşın şəxsi həyatı ilə bağlı olur ki, bu da sonradan əlavə təhdid, hədə-qorxu yolu ilə pul və digər tələblər irəli sürülməsinə gətirib çıxa bilər.

 

Mütəxəssis Elvin Abbasov qeyd edib ki, biz vatshapp plus istifadə etdiyimizdə bütün yazışmalarımız, səkillərimiz, görüntülərimiz onlar üçün əlçatandır.

 

"Yazışmalarımızı, şəkillərimiz toplaya bilər, sata bilər, üçüncü tərəflərə ötürə bilər, korporativ məqsədlərlə ötürə bilər, seqmentləşdirə, analız edə bilər".

 

Ən qəribəsi isə odur ki, belə bir zərərli mobil tətbiqin yüklənməsinə görə Azərbaycan dünyada birinci yerdədir. Mütəxəssislər belə deyir. Deməli, adıçəkilən proqram istifadəçiləri ya vaxtında ondan imtina etməlidir, ya da bənzər hücumlara hazır olmalıdır.