Tarixdə bu gün-Ceyhun Hacıbəylinin doğum günü

Bölmə: Araşdırma › ,
Tarix: 19:05 03.02.2024

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Üzeyir Hacıbəyovun qardaşı, böyük jurnalist Ceyhun Hacıbəylinin doğum günüdür.

 

Ceyhun Hacıbəyli 1891-ci ildə Şuşada anadan olub. İbtidai təhsilini Şuşada alan Ceyhun təhsilini Bakıda davam etdirib. O, ilk mətbu hekayələrini "Proqres" qəzetinin 1907-ci il tarixli 5-ci nömrəsində dərc etdirib. Ceyhun Hacıbəyli həmçinin 1908-ci ildə qardaşının  "Leyli və Məcnun" operasında İbn Səlam və Nofəl rollarını oynayıb. Murtuza Muxtarovun maddi dəstəyi ilə 1908-ci ildə Peterburq Universitetinin hüquq fakültəsinə qəbul olunan Ceyhun 1909-cu ilin yayında təhsilini davam etdirmək üçün Parisə gedir.

 

Parisdə olduğu dövrdə yaradıcılığına davam edən Ceyhun 1910-cu ildə "Hacı Kərim" povestini yazır. O, vətənə qayıtdıqdan sonra məhsuldar şəkildə maarif, mədəniyyət, din, dil, xeyriyyəçilik, qaçqınlar mövzularında məqalələr yazır, çap etdirir. O, həmçinin Cümhuriyyətin qurulmasında fəal iştirak edir. Ceyhun Hacıbəyli Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra isə dövlətin rəsmi orqanı olan "Azərbaycan" qəzetinin baş redaktoru təyin edilir. 1919-cu ildə Azərbaycan nümayəndə heyətinin tərkibində Paris Sülh Konfransında iştirak edir.

 

Azərbaycan Xalq Cümhuriyyəti işğal edildikdən sonra mühacirətdə fəaliyyət göstərən Ceyhun bəy Parisdə fransız mətbuatı ilə əməkdaşlıq edir. Bu nəşrlərdə əsasən Sovet hökumətinin işğalçı siyasəti ilə bağlı məqalələr dərc etdirir. "İlk müsəlman Respublikası Azərbaycan", "Qarabağ dialekti və folkloru (Qafqaz Azərbaycanı)", "Azərbaycan mətbuat tarixi", "İslam əleyhinə təbliğat və onun Azərbaycandakı metodları" adlı elmi əsərlərin müəllifidir.

 

Adı Azərbaycanın Azadlıq tarixinə qızıl hərflərlə yazılan Ceyhun Hacıbəyli mühacirətdə yaşadığı bütün dövrlərdə də əqidə və amalından dönmür, son nəfəsinədək sovet imperiyası ilə ideoloji mübarizə aparır, Azərbaycanın müstəqilliyi uğrunda bacardığını əsirgəmir. Bu böyük tarixi şəxsiyyət 22 oktyabr 1962-ci ildə Parisdə dünyasını dəyişir. Ölümündən 3 gün əvvəl bütün mühacirləri tək bayraq altında birləşməyə çağıran Ceyhun Hacıbəyli helə Parisdə də torpağa tapşırılır.

 

Ceyhun Hacıbəyli Azərbaycan mətbuatı və tarixin mühüm şəxsiyyətlərindəndir. Sovet İmperiyası dövründə bu önəmli şəxsiyyəti unutdurmağa çalışsalar da, buna nail ola bilməyiblər.

 

Yusif Mamedov