Uzaqdan(online) çalışmağın mənfi və müsbətləri-EKSPERTDƏN AÇIQLAMA

Bölmə: Araşdırma › ,
Tarix: 20:11 26.02.2024

Uzaqdan iş çeviklik təmin etməklə iş və həyatın davamlılığını artırsa da, ünsiyyət və nizam-intizam tələb edir. Bəs yüksələn texnologiya trendi olaraq  uzaqdan (online formada) işləməyin üstünlükləri və mənfi cəhətləri nələrdir?

 

Mövzu ilə bağlı İnformasiya Texnologiyaları mütəxəssisi Fərhad Mirəliyev “informator.az”a açıqlama verib.

 

“Məsafədən iş imkanları IT mütəxəssislərinə, copyrighter’lərə, mühasiblərə və b. işçilərə uyğun gələn iş növüdür. Biz üstünlüklərdən danışarkən, dəyişə bilən iş qrafikini üstünlük kimi qeyd edə bilərik. Uzaqdan çalışan zaman hansısa ciddi bir iş rejimi cədvəlini gözləməyə ehtiyac olmur və əməkdaş gününü olduğu yerdə rahat şəkildə planlaya bilir. Həm də əraziyə bağlılıq məsələsi olmur. Buna görə də səyahət etmək də mümkün olur. Əməkdaş digər ölkə və bölgələrə səyahət edə bilər. Olduğu yerdən də işini davam etdirə bilir. Bir üstün cəhəti də uzaqdan çalışan şəxs hər hansı bir ciddi “dress-code”lar və yaxud görünüş tələblərini gözləməli olmur. Biz bilirik ki, müəyyən iş yerlərində, cəmiyyət arasına çıxırıqsa, geyim və davranış qaydaları var ki, gözləməyə borclu oluruq”.

 

Fərhad Mirəliyev uzaqdan iş rejiminin bir başqa üstünlüyünün büdcə və zamana qənaət olunması olduğunu vurğulayıb:

 

“Böyük şəhərlərdən söhbət gedirsə, hər gün işə gediş-gəliş üçün həm vaxt gedir, həm də maliyyə yaşanır. Amma məsafədən çalışan zaman bu cür itkilər aradan qalxır və uyğun formada həyatımızı davam etdiririk. Üstünlüklərdən biri olaraq, rahat ətraf mühiti qeyd edə bilərik. Belə ki biz cəmiyyət və ofis içində bir kabinetdə digər əməkdaşlarla çalışan zaman digərlərinin də istək və tələblərini nəzərə almalı oluruq. Lakin biz evdə olarkən vacib deyil ki, stol arxasında oturaq. Daha rahat yerdə də otura bilərik”.

 

Fərhad Mirəliyev məsafədən iş rejiminin mənfi cəhətlərini də qeyd edib:

“Mənfi cəhətlərinə toxunsaq, birincisi, aşağı olan fiziki aktivlikdir. Digər iş formalarıyla müqayisədə məsafədən çalışanda çox vaxt evdə olursan və fiziki aktivlik aşağı düşür. Bu zaman da piylənmə, hərəkət-dayaq sitemində pozulma və ürək-damar xəstəlikləri yarana bilər. Daha bir mənfi cəhət ondan ibarətdir ki, məsafədən çalışan zaman qrafik sistemli olmur. Elə olur ki, ənənəvi rejimdə çalışan insanlar 8 saatlıq iş rejimindən sonra evə dönür və digər işləri ilə məşğul ola bilirlər. Evdən çalışanlar isə bir növ 7/24 çalışırmış kimi görünürlər. Bizə məlumdur ki, insan sosial varlıqdır və həmişə də ünsiyyətə ehtiyacı var. Uzaqdan çalışan zaman iş yoldaşları ilə danışmaq, məsləhətləşmək, söhbət etmək mümkün olmur. Canlı ünsiyyət problemi olur. Bu problem də sonradan ümumi işin məhsuldarlığına təsir göstərə bilər”.

 

Fərhad Mirəliyev mənfi cəhətlərin arasında texniki problemlərin olduğunu da bildirib.

 

“Elektrik və ya internet kəsintisi baş verə bilər. Bu da işə mənfi təsir edə bilir. Digər bir mənfi tərəf isə evdən çalışarkən,  bəzən ailə üzvləri  işə qeyri-ciddi yanaşır və həmin insan da ev və ya digər məişət işləri ilə yüklənilir. Bu da işin faydalılığını azaldır və çalışan əməkdaşın işə fokuslanmasına mane olur”.

 

Əli Məmmədli