Mədə-bağırsaq xəstəliklərinin yaranma səbəbi nədir?-Qastroenteroloq açıqladı

Bölmə: Sosial › ,
Tarix: 21:24 28.02.2024

Son zamanlar insanlar arasında mədə-bağırsaq xəstəlikləri geniş yayılıb. Artıq yaşlı insanlarla yanaşı, hətta, uşaqlar belə mədə-bağırsaq xəstəliklərindən şikayətlər.

Bəs mədə-bağırsaq sistemində baş verən problemlərin kökü nəyə dayanır? Nə üçün artıq uşaqlar belə mədə ağrısı problemindən şikayətlənirlər? Vaxtından əvvəl belə problemlərin yaranmasının qarşısını almaq üçün nə etmək lazımdır? 

 

Mövzu ilə əlaqədar Qastroenteroloq, hepatoloq Ülkər Əliyeva İnformator.az-a açıqlama verib.

 

Ülkər Əliyeva mədə-bağırsaq xəstəliklərinin bir çox səbəbdən yarana biləcəyini qeyd edib.

" Mədə-bağırsaq xəstəliklərinin müxtəlif növlərindən günümüzdə bir çox insan əziyyət çəkir. Yaranma səbəbləri isə müxtəlifdir. 

Ümumiləşdirib demək olar ki, bu xəstəliklərdə genetik amillər böyük rol oynayır. İnsanın irsiyyətində olan xəstəliklərin onda üzə çıxma ehtimalı yüksəkdir. Bundan əlavə olaraq, bir çox mədə-bağırsaq infeksiyaları, bakteriyalar, göbələklər həmin xəstəliklərə səbəb ola bilər. Həmçinin, qidalanma növü və həyat tərzi də mədə-bağırsaq xəstəliklərinin yaranmasında və üzə çıxmasında önəmlidir ".

 

 

Qastroenteroloq bildirib ki, qidalanmada tez hazırlanan və quru qidalara tez-tez üstünlük vermək bir müddət sonra mədə-bağırsaq problemlərinin yaranmasına səbəb ola bilir.

 

" Uşaqlarda mədə-bağırsaq problemi özünü ümumi qarın ağrısı şikayətləri kimi göstərir. Bir çox səbəbləri ola bilər ki, əsas səbəblərdən böyüklərdə də olduğu kimi mədə mikrobu Helikobakteri qeyd etmək olar. Bu mikrob insana uşaq yaşlarında yoluxur və müayinə zamanı uşaqda həmin mikrobun olduğunu aşkar etdikdən sonra uyğun müalicə verilir ".

 

Ülkər xanım son olaraq vurğulayıb ki , spirtli içkilər, siqaret kimi zərərli vərdişlərdən uzaq olmaq, oturaq həyat tərzi və digər qeyri-sağlam yaşayış tərzindən uzaq olmaq insanı mədə-bağırsaq xəstəliklərindən də uzaq tutmağa kömək edər.

 

 

Aydan İsayeva