Dövlət Dəniz və Liman Agentliyi zərərdən mənfəətə keçib-RƏY
Bölmə: İqtisadiyyat › ,Tarix: 20:33 14.03.2024
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi 2022-ci ili 1,922 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, Agentlik 2021-ci ildən 5,458 milyon manat xalis zərərlə çıxmışdı.
2022-ci ildə Dövlət Dəniz və Liman Agentliyinin kommersiya fəaliyyətindən gəlirləri 6,823 milyon manat (2021-ci illə müqayisədə 1,6 % çox), digər gəlirləri 7,249 milyon manat (əvvəlki il olmayıb), əməliyyat xərcləri 6,414 milyon manat (29,3 % az), inzibati xərcləri 4,507 milyon manat (53,4 % çox), mənfəət vergisi ödəmələri isə 1,229 milyon manat (7,8 dəfə çox) təşkil edib.
2023-cü il yanvarın 1-nə Agentliyin aktivləri 47,679 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 8,5 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 5,65 dəfə artaraq 328 min manata, balans kapitalı isə 7,9 % artaraq 47,351 milyon manata çatıb.
Bu barədə Azərbaycan Texniki Unuversitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri professor Elşad Məmmədov "informator.az"a açıqlamasında bildirib ki, bu göstəricilərin qeydə alınması təəccüblü görünməməlidir:
"Dünya iqtisadiyyatında baş verən prosseslər regional iqtisadi əməkdaşlığın aktuallığını artırır. Azərbaycanın üzərindən daşınmaların aktuallığı artır. Buna görə də nəinki dəniz ticarəti ilə quru və dəmiryol nəqliyyat dəhlizləri ilə də daşınmalarda kəskin artımlar bölgəmizdə müşahidə edilir. Bu baxımdan da Azərbaycanın dövlət dəniz və liman agentliyinin məənfətinin artması gözləniləndir. Daşınmalardakı pul göstəriciləri ilə qeyd olunan artımlar, infilyasiya son illər ərzində, xüsusilə, 2022-ci ildə artımına bağlıdır. Belə ki, infilyasiyanın sürətlənməsi daşınma xərclərini artırır və bu da daşınma ilə məşğul olan qurumların pul vahidi ilə ölçülən iqtisadi göstəricilərində öz əksini tapır".
Çimnaz Məmmədova