Kainatı necə dinləyə bilərik? - Kosmik simfoniya

Bölmə: Maraqlı › ,
Tarix: 23:31 09.04.2024

Teleskoplarla əldə edilən müxtəlif dalğa uzunluqlarında müşahidə məlumatları insan qulağının eşitdiyi tezliklərə çevrilərək səsə dönə bilər.

 

Səsin yayılması üçün maddi mühit lazımdır. Maddi mühit olmadığı üçün səsin kosmosda keçib bizə çatması gözlənilmir. İllərdir kainatdakı müxtəlif kosmik obyektlərin, xüsusən də, Hubble Kosmik Teleskopu və onun davamçı kosmik teleskoplarından əldə edilən məlumatlarla yaradılan şəkilləri izləyirik. Bəs kainat və bu cisimlər həmin görüntüləri görə bilməyənlərə necə izah edilə bilər? Bunun üçün istifadə edilən çoxlu müxtəlif üsullar var.

 

2020-ci ildə Chandra X-Ray Mərkəzində çalışan mütəxəssislər astronomik məlumatları səsə çevirmək üçün NASA-da araşdırmaya başlayıblar. Gözdən əlil insanların kainatı anlaması üçün əlçatan olan 3D modelləşdirmə və çap kimi üsullar koronavirus pandemiyası səbəbiylə alınmayıb. Layihə bu problemin həlli kimi hazırlanıb. Tamamilə rəqəmsal astronomik müşahidə məlumatlarının səsə çevrilməsi çox diqqət çəkib.

 

Layihədə astrofiziklərlə yanaşı, musiqiçilər də iştirak ediblər. Araşdırmalarda NASA-nın Chandra X-Ray Rəsədxanası, Hubble Kosmos Teleskopu və ya James Webb Kosmik Teleskopu kimi teleskoplardan əldə edilən müxtəlif dalğa uzunluqlarında müşahidə məlumatları insan qulağının eşitdiyi tezliklərə çevrilib. Kosmik obyektlər və ya müəyyən bir ərazini əhatə edən təsvirlərdəki obyektlər parlaqlığı, əhatə etdiyi ərazilər və bəzi digər elmi xüsusiyyətləri nəzərə alınmaqla kosmik mənzərəni hiss etdirən səslərə çevrilib.

 

Görüntülərdən əldə edilən bəstələr müxtəlif dinləyicilər tərəfindən bəyənilib. Xüsusilə, görmə qabiliyyəti zəif olan insanlarda zövq almaq və öyrənmək istəyinin artması, eləcə də yüksək öyrənmə nailiyyətləri kimi müsbət dəyişikliklər müşahidə edilib.

 

Şəkillərin bəstələrini dinləyən həvəskarların sayının sürətlə artması səbəbindən bu tətbiqlərin sayı da artır. Beləliklə, kainatla maraqlananlar teleskoplar vasitəsilə əldə edilən görüntüləri araşdırmaqla kifayətlənməyə bilər, çünki artıq onu dinləmək mümkündür. Müxtəlif dərin kosmos obyektlərinin şəkillərini dinləmək üçün aşağıdakı veb saytına daxil ola bilərsiniz.

 

Tərcümə etdi: Aydan Qasımova 

Mənbə: Bilim Genç Tübitak