Saç düzləşdirici vasitələrin hansı zərərləri var?-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 13:21 15.04.2024
Son vaxtlar xanımların əksəriyyəti saçlarının gözəl görünməsi və rahat daranması üçün müxtəlif saç düzləşdirici prosedurlara müraciət edirlər. Hətta uşaqlar üçündə müraciət olunan belə vasitələr orqanizmə müxtəlif cür təsir edir.
Maraqlıdır, saçlara uzun müddət tətbiq olunan belə vasitələr orqanizm üçün hansı risklər daşıyır?
Mövzuyla bağlı trixoloq Gültəkin Abdullayeva "informator.az"a açıqlama verib. Trixoloq qeyd edib ki, saç düzləşdirmə prosesi həm proseduru edən, həm də elətdirən üçün çox təhlükəlidir:
"Keratin düzləşdirici prosedurlar əgər isti ütü ilə olunursa, bu orqanizm üçün çox zərərlidir. Bu kimyəvi düzləşdiricilərin tərkibində bu düzləşməni verən formaldehid adlı maddədir. Həmin maddə orqanizmə toksiki zəhərləndirici təsir göstərir. Ütüləmə zamanı əmələ gələn buxar nəfəs yolları vasitəsilə orqanizmə daxil olur həm proseduru elətdirənin həmdə eləyənin orqanizminə çox ağır toksiki təsir göstərir.
Bu maddə dünya praktikasında Amerika və Avropa ölkələrində istifadəsi 0.1% -0.2% dən artıq tərkibində formaldehid olan düzləşdiricilər yolverilməzdir və istifadəsi qadağandır. Amma bizim kimi ölkələrdə bu qadağa olmadığı üçün bəzən bu düzləşdiricilərin faizi 11%-ə qədər artır. Bu hal orqanizmə çox ciddi təsir edir. Hətta beyin toxumalarından sinir hüceyrələrinə qədər təsir göstərir".
Gültəkin Abdullayevanın sözlərinə görə, belə proseslər uşaqlar üçün yolverilməzdir:
"Əlbəttəki uşaqları bu cür təsirə məruz qoymağı mən yolverilməz hesab edirəm. Böyüklərdə də bu prosesin tez-tez olmasını məsləhət görmürəm. Düzləşdiricilərin müxtəlif növləri var. Bəzilərində soyuq düzləşdirmədən istifadə edirlər. Orada isti ütüdən istifadə olunmur və buxar əmələ gəlmir. Bu növ düzləşdirici daha az müddətə təsir göstərir. Yəni formaldehidli düzləşdiricilərdə olduğu kimi 6 ay deyil, daha qısa müddətə təsir edir. Onların istifadəsinin heç bir əks təsiri yoxdur".
Zeynəb Mustafazadə