İnsanlara nur bağışlayan görkəmli alim! - Zərifə Əliyeva
Bölmə: Sosial › ,Tarix: 16:11 15.04.2024
15 aprel akademik Zərifə Əliyevanın anım günüdür.
Zərifə xanımla bağlı "İnformator.az"a açıqlama verən AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva qeyd edib ki, görkəmli alim-oftalmoloq, akademik Zərifə xanım Əliyeva səhiyyə tarixində əvəzedilməz yeri, oftalmologiya sahəsində geniş elmi axtarışları, dəyərli tədqiqatları olan, insanlara nur bağışlayan bir alimdir:
"Zərifə xanım Əliyevanın timsalında öncə ideal qadın və əsl Azərbaycan xanımı obrazı canlanır. Bu baxımdan Zərifə Əliyevanın obrazı, siması, keçdiyi həyat yolu Azərbaycan xanımlarının həyatının formalaşması baxımından parlaq nümunədir. Zərifə xanımın şəxsiyyəti, həyatı, keçdiyi yol, elmi fəaliyyəti daha geniş təbliğ olunmalıdır ki, bu gün xanımlarımız nümunə götürsünlər. Zərifə xanım davranışı, həyat tərzi, insanlarla rəftarı, övladlarına verdiyi tərbiyə, həkim kimi xəstələrə münasibəti baxımından insanlığın parlaq siması kimi dəyərləndirilməlidir.
Zərifə Əliyeva bir ana kimi gözəl insan idi. O, ailədə iki övlad böyüdüb, onlara yüksək tərbiyə verib, Vətənə layiqli övladlar kimi yetişdirib. Bu gün ölkəmizə rəhbərlik edən Prezident İlham Əliyev Zərifə xanımın övladıdır, ailədə ondan ana tərbiyəsi alıb".
Akademik G.Baxşəliyeva Zərifə xanımın tibb sahəsində əldə etdiyi uğurlara diqqət çəkib:
"Zərifə xanım tibb elmində, təcrübi səhiyyədə son dərəcə əhəmiyyətli əsərlər yazıb. İllər boyu apardığı müşahidələrin, klinik tədqiqatların və təcrübələrin nəticələri Zərifə xanımın dünyada ən məşhur oftalmologiya mərkəzlərinin birində - H.Helmqolts adına Moskva Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda müdafıə etdiyi “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” adlı doktorluq dissertasiyasının əsasını təşkil edib. 1977-ci ildə Zərifə xanım Əliyevaya tibb elmləri doktoru dərəcəsi verilib. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların , o cümlədən “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi məqalənin, bir ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Ümumiyyətlə, elm sahəsində göstərdiyi xidmətlərin nəticəsi idi ki, 1981-ci ildə Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. Eyni zamanda Zərifə xanım həmin mükafata layiq görülən ilk qadın olub".
Akademik bildirib ki, Zərifə xanımın elmi tədqiqatları yüksək səviyyədə olmaqla bərabər, onların sosial əhəmiyyəti də olduqca böyük idi:
"Onun bu sahədə xidmətləri, fəaliyyəti qiymətləndirildi və o, Azərbaycan Elmlər Akademiyasının akademiki seçildi. Xüsusi vurğulamaq istəyirəm ki, bu gün də Zərifə xanım Əliyevanın tədqiqatlarından tibb elmində geniş istifadə olunur. Alim, pedaqoq, qayğıkeş, bilikli həkim, həmçinin gözəl insan olan Zərifə xanım milli səhiyyəmizin inkişafında mükəmməl biliyə və bacarığa malik oftalmoloqların və ümumiyyətlə, tibb işcilərinin hazırlanmasında böyük əmək sərf edib. Bu gün onun yetişdirdiyi kadrlar da insanlara sağlamlıq bəxş edir. Bütün bunlarla yanaşı, Zərifə xanım qayğıkeş ana, fədakar və sədaqətli həyat yoldaşı kimi də qadınlar üçün nümunədir. Heydər Əliyev kimi böyük şəxsiyyətin həyat yoldaşı olmaq elə də asan məsələ deyildi. Məsəl var, hər bir güclü kişinin arxasında güclü qadın dayanır. Zərifə xanım da ailədə Ümummilli Liderimiz Heydər Əliyevin güclü dayağı olub.
Ümummilli liderimiz Heydər Əliyevlə Zərifə xanım Əliyevanın ailə münasibətləri, ailədə qadına hörmət, ona diqqət, ona elmlə, karyera ilə məşğul olmaq üçün yaradılan imkanlara dair bir nümunə xalqımıza geniş təbliğ olunmalıdır".
Banuçiçək Kalbalıyeva