“Qiymətlər artır, artım sürəti azalır…”-Rəşad Həsənov
Bölmə: İqtisadiyyat › ,Tarix: 19:53 15.05.2024
Azərbaycan Mərkəzi Bankı (AMB) aprel ayı üzrə inflyasiya səviyyəsini açıqlayıb. Açıqlamaya görə, cari ilin aprel ayında inflyasiya 0.7 faiz səviyyəsində olub.
Göstərici ötən ayla-mart ayı ilə müqayisədə 0.3 faiz bəndi azdır. İnflyasiya göstəricisi ötən ilin eyni dövrü (2023-cü ilin aprel ayı) ilə müqayisədə isə 12.8 faiz bəndi azdır.
Bu o deməkdir ki, son 1 il ərzində ölkə üzrə 12.8 faiz ucuzlaşma olub.
Daha çox hansı sahədə ucuzlaşma mövcud olub ?
İnflyasiya daha çox təsir edən ucuzlaşma sahələri hansılardır ?
Məsələylə bağlı “İnformator.az”a açıqlama edən iqtisadçı ekspert Rəşad Həsənov qeyd edir ki, əsas qiymət azalması ərzaq məhsullarında görülür:
“Bu o demək deyil ki, ötən illə müqayisədə 12,8 faiz ucuzlaşma olub. Müqayisə qiymət artımlarının diapozu arasında aparılır. Keçən il qiymətlə əvvəlki illərə nisbətən 12,8 faiz artımla davam edirdisə, bu il müvafiq göstərici 0,7 faizə düşüb. Yəni qiymətlər artır, artım sürəti azalır. Artım sürətinin azalması aspektilə struktur təhlili etsək, onda görürük ki, əsas azalmalar ərzaq məhsulları qiymətlərindədir”.
Ekspert bildirir ki, ərzaq məhsullarının bahalaşması orta səviyyənin aşağı düşməsinə gətirib çıxarıb.
“Hazırda inflyasiyanın səviyyəsinin aşağı düşməsinin əsas səbəbi müəyyən qədər enerji bazarlarında sabitliyin pozulması, xarici faktorların bu istiqamətdə təyziqinin azalması, qlobal əmtəə bazarlarında qiymətlərin sabitləşməsidir. Əsasən un məhsullarının qiymətinin ucuzlaşması öz növbəsində defilyasiyanın baş verməsinə gətirib çıxarıb”.
Azər Abuşov