"Gənclərimizin inkişafına xüsusi diqqət yetiririk"-Anar Musayev

Bölmə: MEDİA › ,
Tarix: 19:16 21.05.2024

"Bu günə kimi könüllülərimiz üçün 5000-dən çox təlim və 800-dən çox isə yerli və beynəlxalq istiqamətdə layihələr həyata keçirilib". Bu sözləri "İnformator.az"-a açıqlamasında “ASAN Könüllüləri” Təşkilatının sədri Anar Musayev bildirib.

 


A.Musayev öncə "ASAN könüllüləri" Təşkilatında könüllü olmaqla bağlı əsas məqamları qeyd edir:
"ASAN xidmət" mərkəzinə təhsil səviyyəsindən asılı olmayaraq 16-26 yaş aralığında hər kəs könüllü kimi müraciət edə bilər. Könüllü olmaq üçün konullu.asanschool.az saytına daxil olur. Həmin saytda xidmət etmək istədiyi mərkəzi və növbəni seçdikdən sonra orada tələb olunan məlumatları qeyd edir. Bunu təsdiqlədikdən sonra müsahibəyə dəvət olunur, daha sonra fəaliyyətə başlayır. İlkin fəaliyyət "Master 1" adlanır, iki ay müddətində davam edir. Burada könüllülərimiz "ASAN xidmət" mərkəzlərinə müraciət edən vətəndaşların daha operativ, keyfiyyətli şəkildə xidmət almasına dəstək göstərir. Onları müvafiq pəncərələrə mərkəzdaxili yönləndirir. Bəzi anketlərin doldurumasında onlara dəstək göstərir. Suallar varsa, cavablandırır. Xidmətin sonunda isə xidmətlə bağlı sorğular götürülür.
Növbəti proqram isə "Master 2" proqramıdır. Burada gənclərimiz öz maraq dairələrinə və ixtisaslarına uyğun olaraq spesifik "ASAN xidmət" mərkəzində, eyni zamanda buraya tabe olan qurumların şöbələrində-Layihənin idarə edilməsi şöbəsi, İctimaiyyətlə Əlaqələr şöbəsi və digər şöbələrdə təcrübə keçə bilirlər".

 

 

Sədr qeyd edir:
"Təbii ki, könüllülərimiz yalnız vətəndaşlara xidmət göstərmir. Eyni zamanda 2013-cü ildə 15 nəfər ASAN könüllüsünün təşəbbüsü ilə yaradılmış "ASAN Könüllüləri" Təşkilatı sırf gənclərimizin şəxsi inkişafı, onların ideallarının reallaşması və kadr kimi formalaşmağa dəstək olmaq məqsədilə müxtəlif istiqamətlərdə-istər sosial, istər ekoloji cəhətdən, o cümlədən, gənclərimizin şəxsi inkişafına dəstək ola biləcək digər layihələr həyata keçirir".

 

 

"ASAN Kadr" karyera mərkəzi fəaliyyət göstərir. Bu çərçivədə indiyə kimi 3300-dən çox ASAN könüllüsü, istər "ASAN xidmət" mərkəzində, istərsə də əməkdaşlıq etdiyimiz digər dövlət qurum, özəl şirkətlərdə işlə təmin olunublar. Onlardan 1000-i hazırda "ASAN xidməti"in əməkdaşı olaraq öz fəaliyyətini davam etdirir".

 

 

Çinarə Muradova