Türk dünyası markalarını birləşdirən "Made in Turan" brendinin əhəmiyyəti nədir?-AÇIQLAMA

Bölmə: İqtisadiyyat › ,
Tarix: 11:48 23.05.2024

Azərbaycanın təşəbbüsü ilə türk dünyası markalarını birləşdirən “Made in Turan” brendi yaradılıb. Türk dövlətlərini ticari cəhətdən birləşdirən bu brendin yaradılmasının iqtisadiyyata necə təsir edəcəyi maraq doğurub.

 

Bu barədə "İnformator.az"a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bunun brendin necə təbliğ ediləcəyindən asılı olaraq dəyişəcəyini bildirib:

 

"Brendin arxasında hansı məhsul və xidmətlər duracağı, bu məhsul və xidmətlərin hansı keyfiyyətdə olacağı, alıcıların bunu necə qəbul edəcəkləri əsas məsələlərdəndir.

Brend özünü təsdiq etdikdən sonra iqtisadiyyata da müsbət təsir göstərə bilər. O özündə etibar yaratmasa, məsələn alman markaları kimi əhəmiyyətli olmasa, heç bir təsir göstərməyəcək.

Dövlətlər yaratdığına götə güman və ümid edirəm ki, brendin inkişaf etdirilməsi, və brendin reputasiyasının formalaşdırılması istiqamətində işlər də planlı şəkildə həyata keçiriləcək". 

 

Onun sözlərinə görə, hər şey brendin necə inkişaf etdirilməsindən, necə papulyarlaşdırılmasından və reputasiya qazanmasından asılıdır:

 

"Reputasiyası yaxşı olacaqsa, alıcılara hörmət ediləcəksə brend adı altında buraxılan məhsulların satışında, realizasiyasında uğurlu nəticələr olacaq.

İndi nəsə demək çətindir. Məsələn ölkədə bir çox təntənəli brendlər yaradılıb amma uğurlu olmayıblar. "Abad" brendi, "Made in Azerbaijan" brendi formalaşdırılıb, ortada ciddi nəticələr yoxdur. Yəni nə Azərbaycanın istehsalı genişlənir, nə də ixracı genişlənir. Lakin uğurlu iş təklif etsələr və uğurlu yolla brendin adı altında bazara təqdim olunan məhsul və xidmətlər keyfiyyətli olarsa, müsbət nəticələr ola bilər".

 

Banuçiçək Kalbalıyeva