Ələmdar Cabbarlı: Şairlik həvəs deyil...

Bölmə: Mədəniyyət › ,
Tarix: 15:23 07.05.2015

Müsahibəni aparır: Elnur MƏMMƏDZADƏ

-Ələmdar müəllim, yaradıcılığa neçə yaşınızda başlamısınız?

Mənim ikinci kitabım nəşr ediləndə üz qabığına yazılmışdı ki, şeir yazmağa 6 yaşından başlayıb. Bəziləri buna şübhə ilə yanaşdılar. Amma həqiqətən də mən şeir yazmağa 6 yaşımda başlamışam. Ələbəttə ki, bunlar ciddi şeirlər deyildi, amma başlanğıc idi.

-İlk şeiriniz hansı idi?

Mən ilk şeirimi dağlara yazmışam. Bilirsən, adama şeiri yazdıran həm də təbiətdir. Hər kəs doğulduğu təbiətin şairidir. Bu mənada mənim də ilk şeirimi dağlara yazmağım təbii və qanunauyğundur.

-Necə oldu ki, sizdə şairlik həvəsi yarandı?

Şairlik həvəs deyil. Həvəskar şarilər isə ümumiyyətlə şair deyil. Şairlik Allah vergisidir, mən belə düşünürəm.

-Bu günlərdə yeni kitabınız nəşr edilib. Kitab nədən bəhs edir?

Bəli, mənim yeni – sayca altıncı kitabım nəşr edilib. Kitab “Günahı olan qorxmasın...” adlanır. Kitabın məsləhətçisi yazıçı-publisist Qənbər Şəmşiroğlu, redaktoru isə professor Şirindil Alışanlıdır. Dəyərli ziyalı professor Cahangir Məmmədli isə kitaba ön söz yazıb. Bu kitabda əsasən vətənpərvərlik ruhunda yazılmış şeirlər toplanıb. Kitabı Mübariz İbrahimov başda omaqla bizim qəhrəman oğullarımıza ithaf etmişəm.

-Neçənci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüsünüz?

Mən 22 yaşımdan Yazıçılar Birliyinin üzvüyəm. Bu, həmin dövrdə ilk idi. Yəni AYB-nin o dövrdə ən gənc üzvü mən idim.

-Dünyaya ikinci dəfə gəlsəydiniz şair olardınız?

Qardaş, mən dünyaya ikinci dəfə gəlimək istəmirəm. Təzədən gəl, məktəb oxu, instituta hazırlaş, yox ey, bu mənlik deyil. Heç bir dəfə gəldiyim dünyanı yola verə bilmirəm, ikincini necə eləyəcəyəm. Sən Allah, məni işə salma.

-Gənc ədiblərə nələri tövsiyyə edirsiniz?

Elnur, gənc ədiblər tövsiyyəyə-zada qulaq asan deyillər, havayıdan özümüzü yormayaq.

-Müsabibə üçün çox sağolun.

Mən də sizə təşəkkür edirəm, saytınıza uğurlar arzulayıram.