Gənclərin sosial həyata olan ruh düşkünlüyünün səbəbləri nələrdir? -RƏY

Bölmə: Sosial › ,
Tarix: 11:12 20.09.2024

Son dövrlərdə gənclərin sosial problemlərə qarşı göstərdiyi fəallıq necə dəyişib və bu, cəmiyyətə hansı təsir göstərə bilər?

 

Bu barədə "İnformator.az"a danışan Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, gənclərimizdə indi müəyyən ruh yüksəkliyi yaranıb:

 

"Əvvəlki illərə nəzər salanda gənclərimizdə ruh düşkünlüyü vardı. Lakin 44 günlük müharibə ölkədə əhvali-ruhiyyə xeyli dəyişdi. Hətta gənclərin özündə belə nə isə etməyə həvəs var. Əfsus ki, indi gənclərdə yaranan həvəsdən istifadə etmək sahəsində məhsul olan idarələr, təşkilatlar arzu olunan işləri görmür. 5-10 il bundan əvvəllə müqayisədə bu gün gənclərimizdə təşəbbüskarlıq, həvəs, maraq artıb. Amma təhsil sistemimizdə olan çatışmazlıqlar xeyli çoxdur. Gənclərimiz düşünürlər ki, vaxtı ilə daha yaxşı təhsil ala bilərdilər. Gənclər özlərini reallaşdırmaq üçün yollar axtarırlar. Ele məhz bu səbəbdən bir çox gənclər can atır ki, xarici ölkələrə gedib özünü daha yaxşı reallaşdırsın".

 

Sosioloq vurğulayır ki, ölkəmizdə də özünü reallaşdırmaq istəyən gənclər var. Biz özümüz də indiki vaxtda onlarda yaranan bu əhvali-ruhiyyədən düzgün istifadə etməliyik, yoxsa ruh düşkünlüyü yarana bilər:

 

"Bunun üçün çalışmaq lazımdır ki, ölkədəki imkanlardan gənclərimizin istifadə etməsi üçün yaxşı şərait yaradaq. Onlarda biznes təfəkkürü inkişaf etdirmək lazımdır. Gənclər nələrsə etmək istəyir, ancaq onu necə etməli olduğunun yollarını bilmir. Biz bu istiqamətdə gənclərimizə güzəştli, faizsiz və yaxud az faizlə kredit verə bilərik. Lakin hamıya yox. Xüsusi kurslar keçmiş, müəyyən bacarıqlara malik olan gənclərimizə az faizlə kredit verə bilərik və həmçinin bu işə nəzarət etmək lazımdır ki, bu puldan düzgün istifadə etsinlər.

 

Orta məktəbi bitirən gənclərimizin müəyyən bir faizi ali məktəblərə daxil olur, amma ondan çox faizi isə daxil ola bilmir. Biz belə gəncləri nəzərdən qaçırırıq. Elə həmin hissədə səhlənkarlıq edirik. Gərək biz bütün gənclərimizin hamısını çalışaq ki, kurslara cəlb edək, orada müəyyən peşələrin öyrənilməsinə, biznes strukturlarının qurulması sahəsində onlara dərindən təcrübə keçək. Onların potensial enerjisini hərəkətə gətirmək lazımdır. Bu istiqamətdə təəssüf ki, işlər görülmür. 

Bizim vəzifəmiz gənclərdə yeni istəyin sönməməsi üçün ciddi işlər görməkdir".

 

Elnurə Kərimova