Təhsil diplomu iş dünyasında nə dərəcədə əhəmiyyətlidir ?-EKSPERT AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 10:56 02.12.2024

Müasir dövrdə təhsil diplomunun iş tapmaqda nə dərəcədə önəmli olduğu tez-tez müzakirə edilən mövzulardan biridir. Texnologiyaların sürətli inkişafı, əmək bazarının dəyişən tələbləri və qeyri-formal təhsil imkanlarının genişlənməsi bu məsələyə yeni baxışlar gətirir.

 

Mövzu ilə bağlı "informator.az"a açıqlamasında təhsil eksperti Cahid İmanlı bildirib ki, bu məsələyə fərqli prizmalardan yanaşmaq lazımdır:

 

"Özəl sektorda, xüsusilə xidmət sahəsində iş imkanları daha çox bacarıqlara əsaslanır. Lakin dövlət sektorunda iş üçün diplom əsas şərtlərdən biri sayılır. Hazırda müəyyən sahədə bacarığı olan, lakin ali təhsil diplomu olmayan və ya qeyri-formal təhsil sənədi olan şəxslərin rəsmi dövlət müəssisiələrinə işə götürülməsi qanunvericiliyə əsasən, mümkün deyil. Tutaq ki, tibb və ya təhsil sahəsində diplomu olmayan şəxslərin iş imkanları sıfıra bərabərdir. Yəni müəyyən mənada əmək bazarının formalaşmasına dövlətin qoyduğu müəyyən tələblər də təsir göstərir. Gündəlik həyatda kifayət qədər elə insanlara rast gəlirik ki, işlədiyi sahədə, vəzifədə irəli getmək üçün diploma ehtiyac duyur. Onların bir çoxu işləyə-işləyə kollecdə və ya universitetlərdə qiyabi təhsil almağa yönəlirlər. Bəzi hallarda idarəetmə sahəsində kifayət qədər təcrübəsi olan, hətta öz şirkəti olan şəxslər belə menecerlik üçün magistr təhsili alırlar. Nəticə olaraq onu deyə bilərəm ki, bizdə hələ ki, əsas priorit işçinin diplomunun olması, ən yaxşı halda diplomu olan işçinin bacarıqlı çıxması məsələsidir".

 

Ekspert, həmçinin diplomsuz, lakin bacarığı olan şəxslər haqqında fikirlərini bildirib:

 

"Bacarıqlı olub, lakin diplomu olmayan şəxslər iş tapmağı da bacarmalıdırlar. Çox yaxşı olardı ki, dövlət tərəfindən müəyyən attestasiyalar keçirilərək həqiqi mənada bacarığı olan şəxslərə rəsmi təsdiqlənmiş və müəyyən qurum, təşkilat, müəssisələrdə işlə təminata zəmanət verən diplom-sertifikatlar verilsin".

 

Aydan Talıblı