"Azərbaycan ədəbiyyatına hazırkı maraq yox səviyyəsindədir”

Bölmə: Sosial › ,
Tarix: 13:35 02.12.2024

Ədəbiyyat hər dövrdə cəmiyyətin aynası kimi çıxış edir və mədəniyyətin formalaşmasında mühüm rol oynayır. Bu gün Azərbaycan ədəbiyyatı, qloballaşmanın təsirində yeni dövrün çağırışları ilə üz-üzədir.

 

Mövzu ilə bağlı "informator.az"a açıqlamasında Yazçılar Birliyinin üzvü Ruzbeh Məmməd bildirib ki, bu gün dünyada bədii mətnə olan maraq yavaş-yavaş azalmaqdadır:

 

"Bədii mətnə marağın azalmasının birbaşa səbəbi ağıllı texnologiyalardır: telefon, internet və s. Azərbaycanda da ədəbiyyata maraq elə bu səbəbdəndir ki, yox səviyyəsindədir. Amma təkcə bu marağı qloballaşan texnologiya ilə yox, sosial problemlərlə də əlaqələndirmək olar. Maddi ehtiyyac xaotik bir vəziyyət yaradıb, insanlar öz probleminin həllinə yönəlib. Buna görə "kitab oxunmur" kimi ifadələr yersiz səslənir. Eləcə də müasir dövrün insanları bir az da tənbəlləşib. Hər şeyi ekrandan görmək istəyirlər. Bu səbəblərdən müasir oxucu kütləsi yoxdur. Yəqin ki, bir neçə ildən sonra daha da kövrəkcəsinə deyəcəyik ki, kitab oxuyan yoxdur. Nə qədər xudpəsənd səslənsə də, nə etmək olar, görünən mənzərə belədir".

 

Şair, həmçinin hazırda müasir yazarların sayının artdığını vurğulayıb:

 

"Potensial şərait var ki, kimsə yazdığını təqdim edə bilir. İstənilən şair sosial şəbəkədə senzurasız paylaşımını edir. Hərçənd yazarların sayının artması o demək deyil ki, hamı istedadlıdır, onlar ədəbiyyatda qalacaqlar. Klassik ədəbiyyat nümunələrdən sonra, hansısa gənc yazarın adının ədəbiyyat dərsliklərində olduğunu görməmişəm. Demirəm klassik yazıçılar çıxarılmalıdır, unudulmalıdır. Amma müasir yazarların adları ədəbiyyat dərsliklərində olmalıdır. Belə görünür ki, bunu görməyəcəyik də. Şeir yazan o qədər çoxdur ki...Bu çoxluğun arasında istedadlı gənclər var. Yazıçının, şairin kütləviləşmək məsələsi isə ayrı mövzudur. Hazırki insanlar üçün bunu etmək olmur. Gərək oxuyan ola, kitab alan ola ki, kütləviləşib tanınasan. 1000 tiraj kitabı zorla satılan gəncin gələcəkdə xatırlanacağına heç ümidim yoxdur. Bilirəm, bədbin proqnozdu. Təəssüf ki, bu belədir. Bütün bunlarla yanaşı, təkcə nikbin olan ədəbiyyatın hər dövrdə insanları mədəniləşdirəcəyini düşünürəm. Mədəni, həssas cəmiyyət üçün ədəbiyyat yaradılmalıdır, əksi bozluqdur, meşşanlıqdır...".

 

Aydan Talıblı