40 milyon insan sağlamlıqla bağlı suallarına "Neyim Var?" ilə cavab tapıb

Tarix: 23:28 04.12.2024
Xəstələrin şikayətlərinə əsasən mümkün diaqnoz və ixtisas tövsiyələri təqdim edən "Neyim Var?" tətbiqi, 40 milyon insanın sağlamlıq xidmətlərinə çıxışını asanlaşdırıb. Səhiyyə Nazirliyi və HIMSS (Sağlamlıq Məlumat və İdarəetmə Sistemləri Cəmiyyəti) əməkdaşlığı ilə Türkiyənin Antalya şəhərində, Belek Turizm Mərkəzində bir oteldə təşkil edilən “HIMSS Avrasiya Sağlıq İnformasiya və Texnologiyaları Konfransı və Sərgisi” davam edir.
Tədbir çərçivəsində rəqəmsal xəstəxana tətbiqləri, e-sağlamlıq, səhiyyədə ağıllı sistemlər, süni intellekt və irəliləmiş texnologiyaların təqdimatı ilə səhiyyə informasiya sahəsində mühüm inkişaflar müzakirə olunur.
Səhiyyə nazirinin müavini Şuayip Birinci, "Rəqəmsal Sağlamlığın Gələcəyi" adlı paneldə, inkişaf edən texnologiyaların səhiyyə sektorunda mühüm yeniliklərə səbəb olduğunu vurğulayıb.
Birinci qeyd edib ki, süni intellekt texnologiyaları sağlam həyat tərzindən müalicəyə qədər bir çox prosesi dəyişdirə və sağlamlıq sistemlərini yenidən formalaşdırmaq potensialına malikdir. O, diaqnostikadan müalicəyə, fərdiləşdirilmiş dərmanlardan klinik araşdırmalara qədər hər sahədə süni intellektin potensialından istifadə edilməsinin mümkünlüyünü bildirib.
Gələcəkdə səhiyyə işçilərinin xəstələrin keçmiş və cari hərtərəfli məlumatlarını istifadə edərək süni intellekt modelləri ilə diaqnoz və müalicə proseslərində dəstək alacaqlarını və qabaqlayıcı analizlər edə biləcəklərini vurğulayan Birinci, aşağıdakıları əlavə edib:
"Türkiyədə sağlamlıq sahəsində süni intellektlə bağlı işlər aparırıq"
Birinci, süni intellektin səmərəli istifadəsi üçün standartlara əsaslanan və elastik məlumat infrastrukturunun yaradılmasının kritik əhəmiyyət daşıdığını qeyd etdi və sözlərinə belə davam edib
"Türkiyədə sağlamlıq sahəsində süni intellektlə bağlı işlər aparırıq. Həyata keçirdiyimiz Neyim Var? tətbiqi də əhəmiyyətlidir. Bu tətbiq xəstələrin şikayətlərinə uyğun olaraq suallar verib müraciət etməli olduqları ixtisas sahələrini və mümkün diaqnozları təqdim etdi. Neyim Var? tətbiqi bu günə qədər təxminən 40 milyon fərqli vətəndaş tərəfindən istifadə olunub. Rəqəmsal sağlamlıq xidmətləri, xəstənin öz sağlamlığını izləmək və idarə etmək imkanı yaradır və fərdin iştirakını, həmçinin güclənməsini təmin edib".
Birinci, səhiyyədə texnologiya istifadəsinin etik və sosial məsuliyyət baxımından ələ alınmasının vacibliyini vurğuladı: "Məlumatların məxfiliyi, hər bir vətəndaş üçün ədalətli çıxış və rəqəmsal savadlılıq kimi məsələlər, sağlamlıq texnologiyalarının davamlılığı baxımından kritik əhəmiyyətə malikdir".
Səhiyyə Nazirliyi olaraq "Milli Texnologiya Hərəkatı" çərçivəsində səhiyyə sahəsində texnologiyanı düzgün şəkildə inteqrasiya edərək sağlamlığı daha əlçatan, təhlükəsiz və səmərəli hala gətirmək üçün işlərini davam etdirdiklərini vurğulayan Birinci, tədbirin sabah sona çatacağını qeyd edib.
Mənbə: TRT haber
Nərgiz Orucova