Özbəkistan azərbaycanlılara şəxsiyyət vəsiqəsi ilə giriş imkanı verəcək

Bölmə: Siyasət › ,
Tarix: 22:21 21.05.2025

 

Özbəkistan və Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətləri son illərdə daha da inkişaf edir. Bu çərçivədə iki ölkə vətəndaşlarının gediş-gəlişini asanlaşdırmaq məqsədilə yeni addımlar atılır. Özbəkistan hökumətinin Azərbaycan vətəndaşlarının ölkəyə yalnız şəxsiyyət vəsiqəsi ilə daxil olmasına icazə verməyi planlaşdırması bu istiqamətdə atılan mühüm addımlardan biridir.

 

Məsələ ilə bağlı politoloq Elşad Mirbəşiroğlu "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan və Özbəkistan arasında olduqca səmimi dostluq və qardaşlıq münasibətləri mövcuddur və bu əlaqələr müxtəlif sahələrdə əməkdaşlığın inkişafına şərait yaradır:

 

"Xatırlatmaq istərdim ki, mayın 20-də Özbəkistan Prezidenti Azərbaycan və Özbəkistan arasında müttəfiqlik münasibətləri haqqında müqaviləni ratifikasiya edib. Azərbaycan tərəfi bu müqaviləni daha öncə ratifikasiya etmişdi. Beləliklə, Özbəkistanın da bu addımı ilə iki ölkə arasında müttəfiqlik münasibətləri rəsmi şəkildə təsdiqlənmiş oldu. Bu, Azərbaycan və Özbəkistan arasında əlaqələrin yeni, tarixi bir mərhələyə qədəm qoyduğunu göstərir. Artıq Azərbaycanla müttəfiqlik münasibətlərində olan ölkələrin sayı üçə çatır – Türkiyə, Rusiya və nəhayət, 2024-cü ilin avqust ayında imzalanmış müqavilə əsasında Özbəkistan. Bu kontekstdə, Azərbaycan vətəndaşlarının Özbəkistana daxili sənədlə daxil olmasına imkan yaradılması iki ölkə arasında qarşılıqlı təmasların daha da intensivləşməsinə xidmət edəcək. Bunu da nəzərə almaq lazımdır ki, Özbəkistan son illərdə xüsusilə dinamik inkişaf mərhələsinə qədəm qoyub. Ölkə iqtisadiyyatının müxtəlif sahələri sürətlə inkişaf edir".

 

Ekspert həmçinin bildirib ki, bu, Azərbaycanlı turistlərin Özbəkistana daha rahat şəkildə getməsinə, orada tarixi yerləri və abidələri ziyarət etməsinə imkan verəcək:

 

"Əlavə olaraq hesab edirəm ki, bu qərar iki ölkənin iş adamları arasında təmasların da intensivləşməsinə təkan verəcək. Çünki gediş-gəlişin, kommunikasiya imkanlarının rahat və əlçatan olması, əlbəttə ki, bütün sahələrdə – xüsusilə də iqtisadi əməkdaşlıqda – münasibətlərin daha da inkişafına müsbət təsir göstərəcək. Bununla yanaşı, düşünürəm ki, bu addım hər iki ölkənin üzv olduğu Türk Dövlətləri Təşkilatı üçün də müsbət bir nümunə olacaq. Belə bir praktika digər türk dövlətləri arasında da daxili sənədlə gediş-gəliş imkanlarının yaradılmasına zəmin yarada bilər. Xatırlatmaq lazımdır ki, Azərbaycan və Türkiyə arasında bu təcrübə artıq mövcuddur və Özbəkistan bu sistemə qoşulan ikinci Türk dövləti olacaq. Artıq Azərbaycan vətəndaşları şəxsiyyət vəsiqəsi ilə Özbəkistana səyahət edə biləcəklər. Düşünürəm ki, bu yanaşma Türk Dövlətləri Təşkilatı çərçivəsində də üzv ölkələr arasında əlaqələrin daha da yaxınlaşmasına müsbət təsir edəcək. Azərbaycan və Özbəkistan münasibətləri isə bu platformada dostluq, səmimiyyət və qardaşlıq baxımından nümunəvi xarakter daşıya bilər. Ümumiyyətlə, bu addım iki ölkə arasında inteqrasiyanın dərinləşməsinə səbəb olacaq və nəticə etibarilə Türk dövlətləri arasında qarşılıqlı inteqrasiyanın mühüm göstəricisi kimi çıxış edə bilər".

 

Güllər Gülhüseynova