Əhvalımızın ani dəyişməsinin səbəbi nədir?

Bölmə: Sosial › ,
Tarix: 16:07 05.12.2024

"Bu aralar heç nəyə marağım yoxdur", "Tez-tez əhvalım dəyişir" kimi cümlələri demək olar ki, hər gün bir və ya bir neçə şəxsdən eşidirik.

 

 Bəs insanların belə həvəssiz olmasının səbəbi nədir?

 

Bu barədə, ailə və uşaq psixoloqu Aynur İsmayılova "informator.az" saytına açıqlamasında, bunun səbəbinin özgüvən əskikliyindən çox, xroniki yorğunluq olduğunu bildirib:

 

"İnsanlar bəzən istəmədikləri işlərlə məşğul olurlar və ya yalnız pul qazanmaq naminə sevmədikləri sahələrə yönəlirlər. Bu vəziyyət, sadəcə fiziki yorğunluqdan əlavə, xroniki yorğunluğa da səbəb olur. Çünki insanın marağı və həvəsi olmayan işlər onu həm fiziki, həm də ruhi olaraq yorur. Bu da, əhvalın tez-tez dəyişməsinə, motivasiyanın itirilməsinə və ruh düşkünlüyünə gətirib çıxarır.

Əgər insanın hər gün etdiyi iş ona maraqlı və həvəsli gəlmirsə, bu zaman o, yalnız işini bitirmək və ya başqa bir səbəbdən bunu etmək məcburiyyətində qalır. Bu da uzun müddət davam edərsə, özünə inamı və ruh halını zəiflədir.

Bunun əksinə, sevdiyin işlə məşğul olmaq insanı yalnız maddi mənfəət əldə etməkdən daha çox ruhən zənginləşdirir. İnsan öz sevdiyi işlə məşğul olduqda, bu ona həm daha çox həvəs gətirir, həm də özgüvənini artırır. O zaman insanın əhvalı müsbət qalır və o özünü daha yaxşı hiss edir".

 

Psixoloq, insanların yalnız sevdikləri işlə məşğul olmalarını təklif edir: 

 

"Əgər insanlar həqiqətən sevdikləri işlə məşğul olurlarsa, pul qazanmasalar belə, ruhdan düşməyəcək, əhvalları tez-tez dəyişməyəcək və daha sağlam bir həyat sürəcəklər.

Nəticə etibarilə, insanların psixoloji vəziyyətinə və ümumi həyat keyfiyyətinə ən böyük təsir göstərən amillərdən biri sevdikləri işlə məşğul olmaq və bu işə görə məmnunluq duymaqdır. Beləliklə, işlərimizə qarşı münasibətimiz və seçimlərimiz, yalnız işimizin nəticəsindən deyil, həm də bizim ona olan həvəs və marağımızdan asılıdır".

 

Çinarə Tarverdiyeva