Gələcəyin ixtisaslarına hazırıqmı ?

Tarix: 20:13 05.12.2024
Bu gün biz dünyanın çox sürətli inkişaf mərhələsini yaşayırıq. Texnologiyaların sürəti o qədər yüksək temp alıb ki, insanlar, sənaye, iqtisadiyyat, o cümlədən təhsil sistemi bu inkişafın sürətinə heç cür uyğunlaşa, ona çata bilmir.
Mövzu ilə bağlı təhsil eksperti, dosent İlham Əhmədov "informator.az"a açıqlamasında bildirib ki, təhsil sistemi digər aidiyyati qurumlarla birlikdə gələcəyin əmək bazarını əvvəlcədən proqnozlaşdırmalıdır:
"Təhsil sistemi minimum 10 il əvvəldən əmək bazarının mənzərəsini proqnozlaşdıraraq, müvafiq sahələr üzrə hazırlıq işləri görərək kadr hazırlığına başlamalıdır. Biz gələcəyin əmək bazarından danışanda ilk növbədə bilməliyik ki, gələcəyin iqtisadiyyatı necə olacaq? İqtisadiyyat Nazirliyi yanında 4-cü Sənaye İnqilabı Mərkəzi (4SİM) xətti ilə bu il 10 min nəfər, gələn il isə 200 min vətəndaşımız “COURSERA” platformasında ana dilində onlayn təlim alacaqlar. Bu çox lazımlı və düzgün addımdır. Güman edirəm ki, hər il fasiləsiz olaraq belə onlayn təlimlər təşkil ediləcək. Burada hər il ortalama 200 min və daha insanımız yeni biliklərə yiyələnməsi mümkün olacaqdır. Təəssüf ki, iqtisadiyyatın bəzi sahələri üzrə bizdə kadrların keyfiyyətli ixtisasartırma və təkmilləşdirmə kursları keçməsi sistemi hələ də yaradılmayıb. Düşünürəm ki, “COURSERA” platforması ilə paralel nəhayət ki, milli distant təhsil sistemimizi yaratmaq haqqında da düşünməliyik. Bu fasiləsiz rəqəmsal təhsil sistemi gələcəyin əmək bazarı üçün milli kadr hazırlığında mühüm rol oynaya bilər. Bu onlayn kurslar qısamüddətli və intensiv olmaqla hər il minlərlə vətəndaşlarımızı yeni yaranan peşələrə hazırlayar, ölkədə məşğulluq siyasətinin səmərəli reallaşmasında dəstək ola bilər".
Ekspert bizim ölkə iqtisadiyyatımızın rəqəmsal transformasiya, innovativ inkişaf baxımından qlobal inkişafdan geridə olduğunu vurğulayıb:
"Bizdə müasir iqtisadiyyatın, 4-cü sənaye inqilabının tələblərinə uyğun kadrlar azdır, bu sahədə kefyiyyət və kəmiyyətcə xeyli geridəyik. Burda əsas səbəb təhsil sistemimizin və iqtisadiyyatımızın “Sənaye 4.0” trendlərindən, rəqəmsal transformasiya proseslərindən geridə qalmasıdır. Məlumdur ki, iqtisadiyyatımızda uzun müddət enerji daşıyıcıları dominantlıq etmiş, nəticədə qeyri neft sektoru, iqtisadiyyatın şaxələnməsi, biliyə əsaslanan iqtisadiyyatın qurulması ləngiyib. Düşünürəm ki, biz qeyri neft sektorunun daha da inkişaf etdirilməsi məsələləri ilə ciddi məşğul olmalıyıq. Bu gün dünya “Sənaye 5.0” qurduğu halda, biz hələ “Sənaye 4.0” qura bilməmişik. Bəs “Sənaye 5.0” və “Sənaye 4.0” arasındakı fərq nədir? Bunu izah edək:
“Sənaye 4.0” texnologiyanın avtomatlaşdırma, robotlaşma və böyük verilənlər (Big Data) əsasında sənaye proseslərini idarə edirdisə, “Sənaye 5.0” insan və robotların əməkdaşlığı ilə, insanın yaradıcılıq və qərarvermə proseslərində mərkəzi rol oynamasını nəzərdə tutur. Bu gün dünya universitetləri “Universitet 3.0”-dan “Universitet 4.0”-a keçid etdiyi halda bizim əksər universitetlərimiz hələ də “Universitet 1.0” modelində, çox az hissəsi isə “Universitet 2.0” modelindədir. Bütün bunlar gələcəyin iqtisadiyyatına, əmək bazarına, gələcəyin peşə və ixtisas hazırlığına mənfi təsir edir".
Xatırladım ki, “Universitet 1.0” yalnız tədris aparır, “Universitet 2.0” elm və tədrislə məşğuldur, “Universitet 3.0” modeli universitetlərin yalnız təhsil və tədqiqat funksiyalarını deyil, həm də ictimai və iqtisadi inkişafda fəal iştirak etmələrini nəzərdə tutur, əldə etdiyi yeni elmi bilikləri kommeriyalaşdırır. “Universitet 4.0” modeli universitetlərin daha ağıllı və çevik bir şəkildə fəaliyyət göstərməsini, eləcə də müasir texnologiyaların tətbiqi ilə tədris proseslərinin gücləndirilməsini məqsəd kimi qoyur. “Universitet 3.0” modeli və “Universitet 4.0” modeli arasındakı fərqi də qeyd edək:
“Universitet 3.0” modeli əsasən innovasiya, əməkdaşlıq və ictimai məsuliyyət üzərində fokuslanır, təhsil və tədqiqatın inteqrasiyasını vurğulayır. “Universitet 4.0” modeli isə daha yüksək texnologiya səviyyəsini (süni intellekt, böyük məlumatlar və s.) istifadə edərək, daha çevik, şəbəkələnmiş və tələbə mərkəzli bir təhsil modelidir.
Sənaye konseptləri (“Sənaye 4.0”, “Sənaye 5.0”) iqtisadiyyatı və əmək bazarını müəyyən edirsə, universitet modelləri (“Universitet 2.0”, “Universitet 3.0”, “Universitet 4.0”) gələcəyin iqtisadiyyatının elmi təminatını və əmək bazarı üçün kreativ kadrlar hazırlığını təmin edir.
Sürətli texnoloji inkişaf gələcəkdə yeni peşələrinin yaranmasına ciddi təsir edir. Bu gün texnologiyanın inkişafı, süni intellekt, rəqəmsallaşma və yaşıl iqtisadiyyat kimi qlobal meyllər də yeni peşələrin yaranmasına öz təsirini göstərir. Bu peşələr müasir dünyada yaranan problemləri həll etmək üçün yeni bacarıqlara ehtiyac duyulan sahələri əhatə edir.
Gələcəyin peşələrini texnologiya, süni intellekt, sağlamlıq və biotexnologiya, yaşıl enerji və ekologiya, təhsil və insan resursları, dizayn və yaradıcılıq, maliyyə və biznes, sosial və humanitar sahələr kimi qruplaşdırmaq olar".
"Yaxın gələcəkdə texnologiya və süni intellektlə əlaqəli peşələrə, o cümlədən, informasiya mütəxəssisi (Data Scientist), böyük verilənlərin (big data) analizi və istifadə edilməsi, süni intellekt mütəxəssisi, (AI Specialist), süni intellekt alqoritmlərinin hazırlanması və tətbiqi üzrə mütəxəssislərə ehtiyac daha çox olacaqdır. Həmçinin robot texnikası mühəndisi (Robotics Engineer), robotların dizaynı və istehsalı, kiber təhlükəsizlik mütəxəssisi (Cybersecurity Expert), rəqəmsal mühitdə məlumatların qorunması, bulud hesablama mütəxəssisi (Cloud Computing Specialist), bulud texnologiyalarının inkişaf etdirilməsi və idarə edilməsi üzrə də məşğul olan mütəxəssislərə yüksək təlabat olacaqdır.
Yaxın gələcəkdə təlabat olacaq peşələrin bir qismi də sağlamlıq və biotexnologiya sahəsi üzrədir:
"Biotexnologiya mütəxəssisi, tibbi cihazlar və biotexnologiyaların yaradılması, genetik mühəndis, genetik problemlərin həll edilməsi üçün tədqiqatlarçılar, teletibb üzrə həkim (telehəkim)- (Telemedicine Specialist), distant tibbi xidmətlərin təmin edilməsi, sağlamlıq məlumatları analitiki, tibbi məlumatların analiz edilməsi v.s. Bəzən belə bir düşüncələr yaranır ki, süni intellekt dövründə insanlara ehtiyac olmayacaq, amma inkişaf göstərir ki, insanlara ehtiyac həmişə var, sadəcə olaraq yeni texnologiyalar insanın yaxın köməkçisi olacaqdır. Yekun sözü insan deməli, qərarı insan qəbul etməlidir. Bunun üçün isə insanlarda daha çox tənqidi təfəkkürü inkişaf etdirmək lazımdır. Bu təhsilin əsas məqasədlərindən biri olmalıdır. Süni intellektin verdiyi cavab və təkliflərə daim tənqidi yanaşmaq və məntiqli araşdırmaq, dəqiq diaqnoz qoymaq lazımdır.
Digər peşə qrupları isə yaşıl enerji və ekologiya ilə əlaqəlidir. Bu yaxınlarda Bakıda yüksək səviyyədə keçirilən COP29 tədbirləri qlobal səviyyədə bu problemlərin aktuallığını bir daha dünyaya bəyan etdi, yaşıl dünya, yaşıl iqtisadiyyatın qurulması üçün ekologiya üzrə peşə qruplarına, yaşıl təhsilə diqqət verilməli, kadrlarda ekoloji təfəkkür formalaşmalıdır. Bu peşə qrupu üzrə bizdə də gələcəkdə ixtisaslı kadrlara tələbat çox olacaqdır.
Gələcəyin peşələri sırasında dizayn və yaradıcılıq ixtisas qrupu da var, burada rəqəmsal məhsulların istifadə edilməsi ilə əlaqəli mütəxəssislər hazırlanacaqdır".
"Belə peşələr niyə önəmlidir? -Texnologiyaların sürətli inkişafı yeni sahələrdə ixtisaslaşmalar tələb edir, ekoloji problemlər, iqlim dəyişikliyi və yaşıl enerjiyə ehtiyac yaranır. Bu ehtiyaclar əvvəllər az olub, indi bu sahələr üzrə mütəxəssislərə ehtiyac var. Düşünürəm ki, bizim cəmiyyət, hökumət, təhsil sistemimiz gələcəyin peşələri və ixtisasları üzrə kadr hazırlığının vaxtında və peşəkarlıqla layihələndirməli, planlanmalı və yaxın gələcəkdə bu kadrların hazırlanması istiqamətində ciddi işlər görməlidir. Yüksək keyfiyyətli insan kapitalının inkişafda oynadığı mühüm rol, bu gün hər addımda hiss edilir. Bu sahəyə peşəkar insanları cəlb etməklə perspektiv problemlər həll etməlidir".
Aydan Quliyeva