İnsanların psixoloq yanına getməkdən çəkinmə səbəbləri nələrdir?

Tarix: 20:45 05.12.2024
Son illərdə psixoloji sağlamlıq mövzusu getdikcə daha çox diqqət çəksə də, bir çox insanlar hələ də psixoloqa müraciət etməkdən çəkinirlər. Bunun əsas səbəbləri arasında cəmiyyətdə mövcud olan stereotiplər, psixoloji yardımın zəif təbliği və insanların öz hisslərini paylaşmaqdan çəkinməsi göstərilir. Halbuki, psixoloji yardım, emosional vəziyyəti yaxşılaşdırmaq, problemləri daha effektiv həll etmək və həyat keyfiyyətini artırmaq üçün vacibdir.
Bu barədə psixoloq Gülnar Orucova "informator.az"a açıqlamasında danışıb.
O bildirib ki, bəzi insanların psixoloq və psixiatrı ayırd edə bilməməsi və qeyri-ixtisas sahələrindən olanların psixoloq kimi fəaliyyət göstərməsi ciddi problemdir:
"Cəmiyyətdə psixoloq və psixiatrın fərqini anlamayan kifayət qədər insan var. İlk növbədə qeyd etmək lazımdır ki, psixiatr həkimdir və əsasən dərman müalicəsi ilə məşğul olur. Lakin son vaxtlar bəzi psixiatrların terapiya apardığını da müşahidə edirik. Məncə, tibb universitetini bitirmiş və öz sahəsində peşəkar olan bir psixiatr üçün terapiya aparmağa ehtiyac yoxdur. Çünki terapiya zamanı bir saata bir pasiyent qəbul edilir, halbuki psixiatr yalnız müalicə məqsədli qəbullar təşkil etməklə bir saata 3 pasiyenti qəbul edə bilər. Bu da onun işinin daha məhsuldar olmasına şərait yaradır.
Bununla yanaşı, Azərbaycanda qeyri-ixtisas sahələrindən olanların psixoloq adı altında fəaliyyət göstərməsi ciddi bir problemdir. Təəssüf ki, 3-5 aylıq kursları bitirən şəxslər belə, psixoloq kimi çıxış edir, bu isə cəmiyyətin psixoloji xidmətlərə olan etibarını azaldır. Dövlətin bu sahəyə nəzarət etməməsi vəziyyəti daha da çətinləşdirir. Üstəlik, son vaxtlarda elmi əsası olmayan spirtuallıq təlimlərinə marağın artması diqqət çəkir. İnsanlar bu sahələrə böyük məbləğdə pul xərcləyərək bir seans üçün 80-250 manat ödəyirlər".
Psixoloq, insanlarda sosial qınaq qorxusunun da əsas faktor olduğunu vurğulayıb:
"Cəmiyyətimizdə psixoloqa müraciət etməməyin səbəblərindən biri də sosial qınaq qorxusudur. Psixoloq yanına gedən insanlar bunu çox vaxt gizli saxlayır, çünki onların düşüncəsinə görə bu addım onların "normal" olmamasını göstərə bilər. Halbuki inkişaf etmiş ölkələrdə hər bir ailə üçün dövlət psixoloqlar təmin edir. Bu psixoloqlar ailələri ziyarət edərək həm valideynlərə, həm də övladlara dəstək olur. Bizim ölkədə isə insanlar yalnız boşanma prosesində psixoloji müayinəyə yönləndirilir, lakin bu mərhələyə qədər onların psixoloji uyğunluğu heç bir formada yoxlanılmır".
Müsahib dövlətin insanlar üçün psixoloq imkanlarının daha əlçatan olması istiqamətində tədbirlər görməsinin zəruriliyini də qeyd edib:
"Eyni zamanda, televiziya və sosial mediada ixtisası olmayan şəxslərin "psixoloq" adı ilə çıxış etməsi cəmiyyət üçün ciddi bir problemdir. Bu cür hallarda bəzi qeyri-peşəkar psixoloqların savadsız çıxışları bütün peşəkarları qınaq atəşinə tutur ki, bu da doğru yanaşma deyil. Psixoloqlar, alimlər və ziyalılar hər zaman yüksək hörmətlə qarşılanmalıdır. Dövlət psixoloji xidmətlərin əlçatan olması üçün daha təsirli tədbirlər görməlidir. Hazırda Azərbaycanda psixoloq qəbulu üçün minimum qiymət 30 manatdır, bu isə 360 manatlıq minimal əməkhaqqı ilə yaşayan insanlar üçün əlçatan deyil.
Müharibə dövründə Türkiyədən psixoloqların dəvət edilməsi bu sahədə ölkəmizdə çatışmazlığın olduğunu göstərir. Psixologiya sahəsinə dövlət səviyyəsində daha ciddi yanaşılmalı və keyfiyyətli psixoloji xidmətlər hər kəs üçün əlçatan olmalıdır".
Nuray Qurbanlı