Sinifdə müəllim-şagird problemləri

Bölmə: Sosial › ,
Tarix: 22:29 20.12.2024

Son zamanlarda sosial şəbəkələrdə gördüyümüz müəllim-şagird arasındakı münasibətlərin pozulması halları cəmiyyət tərəfindən bir mənalı qarşılanmır. Belə paylaşıma edilən şərhlərə baxıldıqda yarı tərəf şagirdin tərbiyəsizlik etdiyini düşündüyü halda, digər tərəf müəllimin öz işində peşakar olmadığını ifadə edib. 

 

Mövzu ilə bağlı təhsil eksperti Elçin Süleymanov "informator.az”a açıqlamasında siniflərdə müəllim-şagird arasındakı axsamanın həmişə oluğunu bildirib:

 

“Təbii ki, əvvəllər sosial şəbəkələr, çəkiliş və mobil telefon geniş yayılmadığı üçün bu məsələlər çox da ictimailəşmirdi. Cəmiyyət bilirdi ki, hər sinifdə dəcəl, yaramaz, sözə baxmayan uşaqlar olub, eləcə də işinin öhdəsindən gələ bilməyən müəllimlər də. Ancaq son vaxtlar bu hallar artıb və müxtəlif sosial şəbəkələr vasitəsilə daha çox qarşımıza çıxır. Bu da tədris sahəsində müəyyən addımların atılmasını zəruri edir”. 

 

Ekspert problemin həlli üçün atılan addımlardan danışıb:

 

“Bunu da qeyd edim ki, son illərdə təhsil sahəsində kifayət qədər müsbət addımlar atılıb. Məsələn, müəllimlərin imtahanla seçilməsi, keçid edən müəllimlərin həvəsləndirilməsi üçün əməkhaqqının artırılması, məktəb direktorlarının imtahanla təyin olunması, məktəblərin yenilənməsi və yeni məktəblərin tikilməsi kimi. Bütün bu addımlar təhsilin keyfiyyətinin yüksəldilməsinə istiqamətlənib. Amma yenə də dediyim kimi, sinifdə davranış pozuntusu yaradan müəllim və şagirdlər üçün son illərdə atılan müsbət addımlardan biri də şagird sayına görə psixoloq sayının artırılmasıdır. Məsələn, əvvəl hər məktəbdə bir psixoloq var idisə, indi müəyyən şagird sayına uyğun olaraq psixoloq sayı artırılıb”. 

 

 

Ekspertin sözlərinə görə, sinifdə belə halların baş verməsi bir gündə yaranmır:

 

 “Bu, uzun müddət davam edən bir prosesdir. Bu uzunmüddətli prosesi dərs hissə müdiri və məktəb rəhbərliyi izləməlidir. Hər hansı sinifdə müəllimlər və şagirdlər arasında dialoq problemi varsa və ya şagirdlər arasında nizam-intizamı pozan hallara rast gəlinirsə, həmin vəziyyətlə fəal işlənilməli, valideynlər məktəbə dəvət edilməlidir. Çox ciddi problem varsa, bununla bağlı polis şöbəsinə məlumat verilə bilər. Yeniyetmələrlə bağlı şöbələr də mövcuddur. Eyni zamanda, çətin tərbiyə olunan şagirdlər üçün xüsusi məktəblər var. Belə şagirdlər həmin məktəblərə köçürülə bilər. Yəni, əgər proses ciddiləşibsə, bunun ya müalicəsi, ya da uyğun məktəbə köçürülməsi həyata keçirilməlidir. Əks təqdirdə, sinifdəki problemlər daha da artacaq və mənfi istiqamətdə irəliləyəcək”. 

 

Ekspert belə halların olmaması üçün müəllimlərin pedaqoji fəaliyyətinə də diqqət etməyin vacibliyini vurğulayıb:

 

“Müəllimlə bağlı da tədbirlər görülməlidir. Bəzən belə hallarla üzləşən müəllimlərin pedaqoji ustalığı zəif olur. Doğrudur, müəllimlər zaman-zaman attestasiya və digər imtahanlardan keçirlər, amma pedaqoji fəaliyyət daimi prosesdir. Əgər hər hansı müəllim haqqında davamlı şikayətlər varsa, valideynlər və şagirdlər bu məsələni araşdırmalıdır. Həmin müəllimlə metodiki söhbətlər aparılmalı, məsələn, açıq dərslər təşkil edilməlidir. Çünki bəzən bu hallar təcrübəsizlikdən yaranır. Amma bəzi hallarda müəllimlərin əsəb gərginliyi də səbəb ola bilər. Belə müəllimlər ya müalicə almalı, ya da başqa sahəyə yönəldilməlidir. Müəllimin sinifdəki şagirdlərlə aqressiv davranışı yolverilməzdir. Əgər müəllimdə şiddətli əsəb və aqressiya varsa, o, sinfə buraxılmamalıdır. Bu məsələ ilə məktəb rəhbərliyi və yerli təhsil idarələri məşğul olmalıdır.

 

 

Cəzasızlıq mühiti və nəzarətsizlik halları olmadıqda düşünürəm ki, bu problemlər aradan qalxa bilər”, -  deyə o, fikirlərini yekunlaşdırıb. 

 

 

Mövzu ilə bağlı sosial məsələlər üzrə ekspert, sosioloq Lalə Mehralı “informator.az”a açıqlamasında bildirib ki,məktəblərdəki boşluğun səbəbi müəllim avtoritetinin yoxa çıxmasıdır:

 

“Məktəblərdəki ən böyük boşluq nədir, bilirsinizmi? Müəllim avtoritetinin yoxa çıxması. Müəllim kimi ali bir ünvanı sıxışdıra-sıxışdıra yazıq görkəmə saldılar. Müəllimi elə vəziyyətə saldılar ki, uşağa söz deməyə belə risk etmir. Daha müəllim nə təhsil verir, nə təlim, nə də tərbiyə. İşi-gücü səhərdən-axşama qədər lüzumsuz kağız işlərini bitirmək, jurnal yazmaq, summativ yoxlamaqdır. Sinifdə baş verənləri görməyə belə vaxtı yoxdur. Bu hal isə ailəsindən tərbiyə və nəzarət görməyən şagirdlər üçün əsl fürsətdir.

Bir çox valideyn uşağına tərbiyə vermir. Anlaşılandır, çünki özündə olmayanı övladına verə bilməzsən. Müəllim heç nədən öz-özünə əsəbiləşməz. Onu bu həddə gətirən elə şagirdlərin davranışıdır. Müəllim daş deyil, qaya deyil, ətdən-qandan insandır. Onun ixtiyarını əlindən alan, cəza sistemi olmayan təhsil sistemi ilə bu vəziyyətin yaranması qaçılmaz idi”. 

 

Ekspert əlavə edib:

 

“Məktəblərdə özbaşınalıq baş alıb gedir. Şagirdlər məktəbə təsbehlə, bıçaqla gəlir. Kəpənək deyilən bıçaqla qısnama və hədə hərəkətləri edirlər. Onlar bıçaqla lovğalanır, siqaret tüstüsünü müəllimin üzünə üfürürlər. Müəllimin bütün səlahiyyətləri əlindən alınıb, valideynlər isə müəllimi daim təzyiq altında saxlayır.

Belə şəraitdə hansı keyfiyyətli təhsildən danışmaq olar? Müəllim dərs keçməyə çalışsa da, uşaqları ram edə bilmir. Bəzən deyirlər, biz də uşaq olmuşuq, dəcəllik etmişik. Amma bu gün şagirdlərin müəllimə qarşı etdikləri tərbiyəsizlikdir.

Bu vəziyyəti düzəltmək üçün müəllimin hüquqları geri qaytarılmalıdır. Müəllim dərsi bilməyən uşağı sinifdə saxlaya, tərbiyəsizlik edəni əlaqədar qurumlara şikayət edə bilməlidir. Təhsil sistemi müəllimin nüfuzunu bərpa etməli, onun şərəf və ləyaqətini qorumaq üçün tədbirlər görməlidir. Başqa yol yoxdur”,deyə o, fikirlərini yekunlaşdırıb.

 

Mahmud Əskərli