Azərbaycana məxsus təyyarəni Rusiyanın HHM sistemləri vurduğu məlum oldu
Bölmə: Siyasət › ,Tarix: 16:10 27.12.2024
Təyyarənin Xəzər dənizinə eniş etməsini istədikləri deyilir. Buna görə Rusiyada üzr istəməsi gözlənilsə də, hələ də Rusiya cavab verməyib.
Mövzu ilə bağlı ‘’informator.az’’a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Rusiya tərəfinin HHM qüvvələri nə hadisə törətdiklərini çox yaxşı bildiklərindən, izi itirmək məqsədilə təyyarəni Aktau istiqamətinə yönləndiriblər ki, bunun özü də bir cinayətdir:
"Baş verən bu hadisə böyük bir faciədir və Azərbaycan tərəfi Rusiya ilə normal münasibətləri olan ölkə kimi Rusiyadan gözləntiləri var. Bu gözləntilər ondan ibarətdir ki, Rusiya mediasının yaydığı məlumatlar həqiqəti əks etdirmir. Artıq sübut olunub ki, bu hadisə hansısa quş sürüsü, pis hava şəraiti nəticəsində baş verməyib. Belə ki, Rusiya HHM qüvvələri çox böyük ehtimalla, öz fəaliyyətlə məşğul olublar, məsuliyyət hissini itiriblər və hava məkanını bağlamayıblar. Hava məkanını bağlanmaması eyni zamanda, həmin ərazilərə PUA hücumlarının olması ilə bağlı əslində tədbirlər görülməli idi. Amma biz görürük ki, hava sahəsi bağlanmayıb və təyyarə başqa yönə istiqamətləndirilməyib. Əslində, Qroznı hava limanının dispetçer xidməti bizim ekipajla əlaqəyə çıxmalı idi, bölgədə PUA hücumun olduğunu məlumat verərək onları başqa istiqamətə yönləndirməli idi. Biz görürük ki, heç bir məlumat verilmir. Təyyarə Qroznı hava limanına eniş etmək istəyən vaxtı sistemlər söndürülür və bu hadisə 3 dəfə təkrar olunur. Ardınca, təyyarə raket hücumuna məruz qalır və ekipajın dispetçer xidmətindən yardım istəməsinə baxmayaraq və beynəlxalq hüquqa görə də belə bir vəziyyətdə təyyarə ən yaxın hava limanlarına yönləndirilməli və eniş etməlidir. Baxmayaraq ki, Qroznı hava limanına yaxın bir neçə hava limanı var, bunlar Vladivostok, Nalçik və Mahaçqala hava limanlarıdır ki, məhz bu ərazilərə endirmək əvəzinə, əslində Rusiya tərəfinin HHM qüvvələri nə hadisə törətdiklərini çox yaxşı bildiklərindən, izi itirmək məqsədilə təyyarəni Aktau istiqamətinə yönləndiriblər ki, bunun özü də bir cinayətdir. Azərbaycanın hazırda Rusiyadan gözləntisi odur ki, Rusiya tərəfi bu hadisəni etiraf etsin və təzminat ödəsin. Təbii ki, təzminatdan daha önəmlisi hadisəni etiraf etmək və üzr istəməkdir. Rusiya tərəfi bununla bağlı susqunluq nümayiş etdirir. Təbii ki, bu da tərəflər arasında etimadı azaldacaq hadisədir. Əgər Rusiya tərəfi doğrudanda, bu hadisə ilə bağlı hansısa etirafları etməsə, üzr istəməsə və vəfat edənlərin ailələrinə kompensasiya etməsə təbii ki, bu ölkələr arasında münasibətlərə xələl gətirəcək. Rusiya tərəfinin nədən bunu gizlətməyə çalışmasına gəldikdə isə, təbii ki, qeyd etdiyimiz yaxın hava limanlarına təyyarənin yönləndirilməməsinin əsas səbəbi ondan ibarətdir ki, HHM qüvvələri hansı bir cinayəti törətdiklərini bildikləri üçün bunun izini itirmək məqsədilə, yaxındaki hava limanlarına yox, daha uzaq-Aktau hava limanına göndəriblər. Bununla da, belə düşünüblər ki, təyyarə uzaq məsafəyə gedə bilməz və qəza nəticəsində dənizə düşə bilər ki, orada da izi tamamən itə bilər. Amma xoşbəxtçilikdən vəziyyət fərqli cür alınır. Pilotların peşəkarlığı və fədakarlığı nəticəsində təyyarə eniş edərək heç olmasa 29 nəfərin sağ qalmasına şərait yaradır. Eyni zamanda artıq hadisənin şahidləri də var ki, bunlar danılmaz faktlardır”.
Günel Verdiyeva