Ata-övlad münasibətləri: Sağlam və güclü bağların qurulmasının yolları

Bölmə: Sosial › ,
Tarix: 20:34 27.02.2025

Ata və övlad münasibətləri, hər bir cəmiyyətin sağlam inkişafı üçün əhəmiyyətli olan, həm emosional, həm də psixoloji cəhətdən vacib bir mövzudur. Bu münasibətlərin necə qurulması, ailə üzvlərinin qarşılıqlı əlaqələri və bir - birlərinə olan münasibətləri, uşağın gələcəkdəki psixoloji və sosial inkişafına təsir edə bilər.

 

Mövzu ilə bağlı sosioloq Lalə Mehralı "informator.az"a bildirib ki, son illərdə ata-övlad, xüsusilə ata-oğul arasındakı münasibətlərdə ciddi dəyişikliklər müşahidə edilir:

 

"Bu dəyişikliklərin əsas səbəblərindən biri, uşaqların ata tərbiyəsindən daha az faydalanmasıdır. Bunun bir çox sosial səbəbləri var. İlk növbədə, ataların iş şəraiti və vaxt çatışmazlığı uşaqlarla daha az vaxt keçirmələrinə səbəb olur. Çox vaxt atalar, ailənin dolanışığını təmin etmək üçün bir neçə iş yerində işləməyə məcbur olurlar. Nəticədə, uşaqların ən qiymətli anlarını ataları ilə keçirə bilməməsi baş verir.

Bundan əlavə, boşanmış ailələrin sayının artması da ata-övlad münasibətlərinə mənfi təsir göstərir. Uşaqların əksəriyyəti ana ilə yaşayır, və bu da uşaqların ataları ilə münasibətlərini zəiflədir. Boşanmış ailələrdə atalar övladlarına nəzarət etməyi və onlarla münasibət qurmağı çətinləşdirən müxtəlif maneələrlə üzləşirlər.

Şəhər və kənd yerlərindəki uşaqların tərbiyə vəziyyəti fərqli ola bilər. Lakin bir həqiqət var ki, uşaqların ata ilə münasibətləri yalnız fiziki yaxınlıqdan asılı deyil, həm də ata ilə keçirilən vaxtın keyfiyyətindən irəli gəlir. Şəhər və ya kənddə olmasından asılı olmayaraq, uşaqlar öz ataları ilə vaxt keçirdikdə, ata ilə münasibətləri daha sağlam və müsbət olur.

Bəzi hallarda isə atalar, xüsusilə oğlan övladlarını sərt tərbiyə etməyə çalışırlar, bu da analarla arasında narazılıq yaradır. Analara görə, oğlan övladlarının sərt tərbiyəsi onlara zərər verə bilər. Lakin atalar da zamanında öz ailələrində sərt tərbiyə alıblar və bu tərbiyə forması onların kişilik xüsusiyyətlərini inkişaf etdirməyə kömək edib. Əksər hallarda, analar bu sərtliyi mənfi qarşılayır və atanın tərbiyə metodlarına müdaxilə edirlər. Bu da uşaqların ata tərbiyəsindən, xüsusilə kişi tərbiyəsindən uzaq qalmasına səbəb olur".

 

Psixoloq Zeynəb Əyyubova ata-övlad münasibətlərində qarşılıqlı anlayışın olmamasını da əsas şərt kimi göstərib:

 

"Uşaqlar və atalar arasında qarşılıqlı anlayışın olmaması münasibətləri zəiflədə bilər. Açıq və səmimi ünsiyyət qurmaq, uşağın fikirlərinə hörmətlə yanaşmaq və onu dinləmək çox önəmlidir".

 

Psixoloq ata-övlad bağını gücləndirmək üçün bir neçə tövsiyyələr və həll yolları göstərib:

 

"Uşaqla birgə oyunlar oynamaq və ortaq maraqlara sahib olmaq, onun duyğularını başa düşdüyünüzü və dəstək verdiyinizi göstərmək, hər gün övladınızla ünsiyyət üçün xüsusi vaxt ayırmaq, həmçinin uşağın uğurlarını qeyd edərək onu ruhlandırmaq ən yaxşı həll yolu ola bilər". 

 

Ata sevgisi uşağın emosional sabitliyini və özünəinamını artırır. Ata ilə sağlam münasibət uşağın sosial bacarıqlarını inkişaf etdirir. Atanın dəstəyi uşağın akademik və fərdi inkişafına müsbət təsir edir. Atalar uşaqlara sərhədləri və məsuliyyəti öyrədərək onların müstəqilliyini formalaşdırır.

Ata və övlad arasındakı münasibətlər uşağın gələcəkdə sağlam psixoloji vəziyyətdə böyüməsi üçün olduqca vacibdir. Bu münasibətləri gücləndirmək üçün atalar övladlarına vaxt ayırmalı, onların hisslərinə və fikirlərinə hörmət etməli və daim dəstək olmalıdırlar.

 

Çinarə Tarverdiyeva