Qadınların pensiya hüquqları-Deputatın təklifinə hüquqşünasdan cavab

Bölmə: Sosial › ,
Tarix: 20:59 27.02.2025

Milli Məclisin deputatı Mübariz Qurbanlı “Qadın İştirakçılığının Təbliği” adlı konfransda qeyd edib ki, elə kişilər var ki, ailə quranda qadına işləməyə icazə vermirlər. Bu kimi hallar təqaüd məsələsinə də təsir göstərə bilər. Belə hallarda kişinin əməkhaqqısının bir hissəsinin qadının pensiya fonduna köçürülməsi mümkün ola bilər. Məsələni bu yolla qanuniləşdirmək olar. Buna heç kəs etiraz etməməlidir, çünki kişinin özü qadını işləməyə qoymayıb.


Deputatın fikri ilə bağlı hüquqşünas Əkrəm Həsənov “İnformator.az”a açıqlama verib. O, bu fikrin sadəcə olaraq ifadə edildiyini düşünür:
“Ümumiyyətlə, bu tip konfranslar məzmun baxımından əhəmiyyət kəsb etmir. Deputatın ifadə etdiyi fikir isə hüquqi və məntiqi cəhətdən əsaslandırılmamışdır”.


Hüquqşünasın sözlərinə görə, qadının əmək fəaliyyətində iştirak edib-etməməsi heç cür müəyyən edilə bilməz:
“Ola bilsin ki, qadının özü işləmək istəmir. Ailədə qəbul edilən qərarlar adətən qarşılıqlı razılıq əsasında formalaşır. Belə olduğu halda, kişinin qadını işləməyə məcbur etməsi və ya əksinə, onu işləməkdən çəkindirməsi hüquqi müstəvidə sübut olunması çətin bir məsələdir. Mübariz Qurbanlının konfransda səsləndirdiyi fikir hüquqi və sosial aspektlər baxımından məqbul sayıla bilməz, çünki bu yanaşmanın praktik tətbiqi mümkün deyil. Eyni zamanda, bu fikrin icrası boşanma hallarının artmasına səbəb ola bilər. Çünki qadınlar bu cür bir vəziyyət qarşısında kişinin pensiyasına da hüquqlarının olduğunu düşünərək, boşanmanın onlar üçün heç bir maddi çətinlik yaratmayacağını əsas gətirə bilərlər”.


Əkrəm Həsənov vurğulayır ki, mövcud pensiya sistemi qadınların hüquqlarını tam şəkildə qoruyur:
“Ölkəmizdə qadının həyat yoldaşı ondan əvvəl vəfat etdikdə, onların pensiyaları arasındakı fərq qadının pensiyasına əlavə edilir. Ümumiyyətlə, müəyyən yaş həddindən sonra hər bir vətəndaş, işləyib-işləməməsindən asılı olmayaraq, pensiya hüququna malik olur. Hazırda kişilər evlənməyə daha az maraq göstərirlər, çünki boşanma halında əmlakın bölüşdürülməsi, övladın himayəsi və aliment öhdəliyi kimi məsələlər onların üzərinə düşür”.


Ə.Həsənov qeyd edir ki, əgər pensiya ilə bağlı bu cür dəyişikliklər tətbiq olunsa, bu, gender bərabərliyinə mənfi təsir göstərəcək:

“Üstəlik, bir fərdin qazancının digərinə köçürülməsi hüquqi ədalət prinsipləri ilə uzlaşmır”.


Hüquqşünas sonda əlavə edir ki, beynəlxalq təcrübəyə əsasən, inkişaf etmiş ölkələrdə belə hallara rast gəlinmir:
“Beynəlxalq təcrübəyə nəzər yetirsək, inkişaf etmiş ölkələrdə hər bir şəxs öz maddi təminatını müstəqil şəkildə təmin edir. Belə yanaşma həm iqtisadi, həm də sosial baxımdan daha ədalətli və dayanıqlı hesab edilir”, - deyə hüquqşünas yekunlaşdırıb.


Sevinc Əliyeva