İmtahan ballarını artırmaq istəyənlərə xəbərdarlıq- Cinayət tərkibli cəhdlər

Bölmə: Sosial › ,
Tarix: 21:00 27.02.2025

Son zamanlar bəzi abituriyentlər və tələbələr imtahan nəticələrindən narazı olduqları üçün qeyri-qanuni yollara əl atmağa çalışırlar. Sosial şəbəkələrdə yayılan məlumata görə, bəzi hakerlər Dövlət İmtahan Mərkəzinin (DİM) sisteminə müdaxilə edərək imtahan ballarını artırdıqlarını iddia edirlər. Hətta bu xidməti müəyyən məbləğ qarşılığında təklif edən şəxslər sosial platformalarda elanlar paylaşırlar.


Məsələ ilə bağlı təhsil eksperti Elşən Qafarov “İnformator.az”a açıqlamasında bildirib ki, abituriyentlər və tələbələrin bu cür hallara cəhd etməsi cinayət tərkibli bir işdir:
“İnformasiya təhlükəsizliyi üzrə xüsusi xidmət orqanları mövcuddur və bütün strateji sahələrin informasiya təhlükəsizliyi həmin qurumlar tərəfindən qorunur. Dövlət İmtahan Mərkəzi də strateji sahələrdən biri olduğuna görə, onun informasiya təhlükəsizliyi müvafiq xidmətlər tərəfindən təmin edilir”.


Ekspertin sözlərinə görə, belə hallara cəhd edən şəxslər ciddi hüquqi nəticələrlə üzləşə bilərlər:
“Bu, birbaşa kibertəhlükəsizlik hadisəsi hesab olunur. Cinayət Məcəlləsinə uyğun olaraq, onların barəsində cinayət işi açıla bilər və belə hallar baş verdikdə, qısa müddət ərzində araşdırılaraq günahkar şəxslər müvafiq cəzalarını alırlar”.


Ekspert sonda əlavə edib ki, hazırkı şəraitdə bu, olduqca çətin və az ehtimal edilən bir haldır:
“İstənilən halda, müvafiq dövlət orqanları bu məsələyə nəzarət edirlər. Mən düşünmürəm ki, tələbə olmaq istəyən şəxs belə qanunsuz vasitələrə əl atsın. Hesab edirəm ki, ali təhsil almağı hədəfləyən insanlar öz gələcək karyeralarını və təhsil həyatlarını riskə atmaq istəməzlər”, - deyə ekspert yekunlaşdırıb.


Sevinc Əliyeva