“Keçmişdə sığınacağa sığınan şəxslərlə bağlı ciddi qınaqlar var idi”-ŞƏRH

Bölmə: Sosial › ,
Tarix: 21:08 27.02.2025

Bu gün zorakılığa məruz qalan, ailədə fiziki və ya psixoloji şiddət görən və gedəcək yeri olmayan qadınlarımız sığınacaqlara üz tutmalı olur. Onlara sığınacaqlarda psixoloji və ya hüquqi yardım göstərilir.


Mövzu ilə bağlı "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova "informator.az"a açıqlamasında bildirib ki, sığınacağa müraciətlər olur və bu müraciətlər adətən hüquq mühafizə orqanları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Uşaq Sosial Xidmətlər Agentliyi tərəfindən bizə istiqamətləndirilir:

 

"Sığınacaq xidmətinin içərisində psixoloji və hüquqi yardım mütləqdir, həmçinin sosial işin təşkili vacibdir. Digər dövlət qurumlarının resursları olan tibbi müayinələr, tibbi müdaxilələr və ya uşaqların təhsillə bağlı məsələləri də təmin edilir. Xidmətlər şəxsin ehtiyaclarına uyğun olaraq formalaşır. Bütün bu proseslər sənədləşdirilir və göstərilən xidmətlər çərçivəsində dəyişikliklər qeyd olunur. Dövlət qayğısı hazırda yalnız Sosial Xidmətlər Agentliyinin elan etdiyi tenderlər çərçivəsində mümkündür və bu da fasilələrlə həyata keçirilir. Məsələn, mart ayı yaxınlaşır, lakin hələ tender elan edilməyib. Bu səbəbdən işçilər müəyyən dövrdə demək olar ki, könüllü şəkildə çalışır. Bunun nəticəsində iş prosesinə təsirlər yaranır, kadr itkisi baş verir. Hər altı aydan bir yeni işçilərin tapılması işin keyfiyyətinə və peşəkarlığa mənfi təsir edə bilər. Buna baxmayaraq, işçilər kifayət qədər peşəkardır, vəziyyəti düzgün qiymətləndirir və işlərinə sadiqdirlər. Bu səbəbdən müəyyən dərəcədə dayanıqlığı təmin edə bilirik. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi müəyyən mənada dəstək göstərir, lakin bu da davamlı deyil. Ümumiyyətlə, sığınacaqların maliyyələşməsi müvəqqəti deyil, davamlı olmalıdır. Sabitliyi təmin etmək üçün monitorinqlər aparılmalıdır. Bu, ən azı hər üç ildən bir həyata keçirilməli, sistemli şəkildə qiymətləndirmə aparılmalıdır. Hazırda belə bir sistem mövcud deyil və bu, müəyyən çətinliklər yaradır".

 

Mehriban xanım qeyd edib ki, sığınacaqdan ayrıldıqdan sonra şəxslərin həyata qayıdışı və cəmiyyətə inteqrasiyası ilə bağlı ayrıca inteqrasiya proqramları yoxdur:

 

"Bununla belə, hər sığınacaq öz proqramlarını hazırlayaraq bu prosesi müəyyən qədər tənzimləyir. Uşaqlarla bağlı inteqrasiya məsələsində müsbət məqam odur ki, onlar dövlət müəssisələrinə yerləşdirilir və himayə altında inkişaflarına dəstək verilir. Əgər valideyn himayəsində olan uşaqlar varsa, onlar ailəyə inteqrasiya olunaraq cəmiyyətə qaytarılır. Bizim təşkilat əsasən iş yerləri tapmaq, müəyyən müddət üçün maliyyə dəstəyi toplamaq və sonra şəxslərin cəmiyyətə inteqrasiyasını təmin etmək üzərində işləyir. Bəzi hallarda valideynlərə dəstək proqramı da tətbiq edirik. Şəxs ailəsinə qayıdırsa, yerli icra hakimiyyəti prosesə cəlb edilərək vəziyyəti qiymətləndirir və monitorinq aparır".

 

Onun sözlərinə görə, dövlət məşğulluq mərkəzləri sığınacaqlar üçün çevik təhsil proqramları təqdim etsə, bu çox faydalı olardı. Çünki bəzən müraciət edən şəxs müəyyən dövrü gözləmək məcburiyyətində qalır, lakin onun buna imkanı olmur:

 

"Məsələn, boşanma prosesi gedir, rüsum ödəməlidir, vaxt itkisi yaşayır. Əgər sığınacaqların daxilində təhsil və peşə proqramları təmin olunsa, daha məqsədəuyğun olar və təhlükələrin də qarşısı alınar. Bəzi hallarda təhlükə tam aradan qalxmadığı üçün şəxsin inteqrasiya proqramlarında iştirakı mümkün olmur. Bu baxımdan, inteqrasiya proqramlarının sığınacaq daxilində təşkil olunması daha effektiv olar. Bir müddət əvvəl belə bir təklif olub, lakin tam həyata keçirilə bilmədi. Məsələn, bəzi çağrı mərkəzləri sığınacaqda olan şəxslərə təlimlər keçib, onların orada olduqları müddətdə əmək haqqı almaqla işləməsinə şərait yarada bilər. Resurslar mövcuddur, sadəcə, onları düzgün istiqamətləndirmək və dəstək proqramına çevirmək lazımdır".

 

Müsahib son olaraq qeyd edib ki, keçmişdə sığınacağa sığınan şəxslərlə bağlı ciddi qınaqlar var idi. Lakin indi vəziyyət dəyişib, əksinə, qohumlar təşəkkür edirlər ki, yaxınları qeyri-müəyyən yerdə deyil, sığınacaqda təhlükəsiz şəraitdədir:

 

"Bununla belə, bəzən qohumların tələskənliyi prosesin düzgün aparılmasına mane olur. Onlar bizə şəxsə kifayət qədər psixoloji dəstək göstərməyə və qarşı tərəflə işləməyə imkan vermirlər. Bu kimi hallarda təzyiqlər prosesin başa çatmasına əngəl törədir.
Ümumilikdə, mövcud resursları düzgün idarə etməklə və çevik yanaşma tətbiq etməklə bu problemlərin həlli mümkündür".


Aydan Quliyeva