Qar şəraitində ictimai nəqliyyatda təhlükəsizlik- Necə qorunmalı?

Tarix: 21:23 27.02.2025
Hava şəraiti ağırlaşanda, xüsusilə şəhərdə kütləvi şəkildə qar yağdıqda, ictimai nəqliyyat müəyyən qurumlar tərəfindən təlimatlandırılır.
Bu fikirləri “İnformator.az”a açıqlamasında nəqliyyat üzrə ekspert İlqar Hüseynli bildirib:
“İctimai nəqliyyatı idarə edən şirkətlər və Yerüstü Nəqliyyat Agentliyi onlara müvafiq təlimatlar çatdırır. İntervalların saxlanılması, nəqliyyat vasitələri dayanacaqlara yaxınlaşarkən hərəkət qaydalarına ciddi əməl edilməsi, yol sürüşkənliyinin qarşısını almaq üçün avtomobillərin texniki baxışının təmin edilməsi ilə bağlı təlimatlar verilir”.
Ekspert qeyd edir ki, fərdi nəqliyyat vasitələri arasında intervalların saxlanması tövsiyə olunur:
“Fərdi nəqliyyat vasitələrinə yolların buz bağladığı günlərdə müraciət olunur ki, təhlükəsizlik baxımından vətəndaşlara ictimai nəqliyyata üstünlük vermələri tövsiyə edilir ki, qəzaların sayı minimuma endirilsin”.
İ.Hüseynli sonda mövcud problemlər və qəza hallarının qarşısını almaq üçün əlavə fikirlər bildirib:
“Qış vaxtı nəqliyyatın tıxanma və qəza hallarının qarşısını almaq üçün tətbiq olunacaq əsas vasitə qum-duz qarışıqlarının yollara səpilməsidir. Duzun xüsusiyyəti buzu əritməkdən, qumun isə sürüşkənliyin qarşısını almaqdan ibarətdir. Yollar qar örtüyündən təmizlənməlidir. Qapıların bağlanması ilə bağlı xüsusi göstəriş olmalıdır. Nəqliyyat vasitəsi qapıların bağlanmasından 1 dəqiqə sonra hərəkətə başlamalıdır”, - deyə o, yekunlaşdırıb.
Cavid Tağızadə