Cinayətin aşkarlanmasında insan skeletlərinin rolu

Tarix: 21:25 27.02.2025
Cinayət işlərinin araşdırılmasında skelet qalıqları əsaslı şəkildə rol oynayır.
Bu haqda hüquq müdafiəçisi Şəmsəddin Əliyev “İnformator.az”a açıqlamasında bildirib ki, adətən belə hallar meyit üzərində hər hansısa bir tədqiqatın, qeyri-aşkar şəraitdə baş verən cinayətlərin açılması istiqamətində müstəntiqin həyata keçirdiyi prosessual hərəkətlərin ən mühümüdür:
“Ona görə mühümdür ki, cinayətin kim vasitəsilə törədilməsinin bəlli olması və şəxsin məsuliyyətə cəlb olunması üçün təxirəsalınmaz tədbirlər və mühüm əhəmiyyət kəsb edən təkzib olunmaz dəlillər və sübutlarla cinayətkar ifşa olunur. Müstəntiq məsələ ilə bağlı cinayət işi açır, cinayətin izlərinin sübut mənbəyi sayılacaq digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə halları, üsulları, digər əhəmiyyət kəsb edən halların müəyyən edilməsi müstəntiqin hadisə yerinə baxışı zamanı həyata keçirilməlidir. Burada hal şahidlərinin iştirakı da mümkün olur”.
Müsahib qeyd edib ki, belə hallarda, hadisə yerində, qəbrin ekshumasiyasından sonra meyit çıxarılır və çürüyən meyitin qalıqları üzərində baxış həyata keçirilir və tədqiq olunur:
“Burada müəyyən dərəcədə elmi araşdırmalar aparılmasına ehtiyac duyulur. Əgər meyit artıq çürüyübsə və onun skeletləri üzərində deşiklər və yaxud sınıqlar aşkar edilərsə, təbii ki, bununla bağlı müstəntiq hadisə yerini, meyiti və digər maddi sübutları aşkar edəndən sonra hadisə yerində yekunla bağlı protokol tərtib edir. Həmin tərtib olunan protokollarda diqqətdən kənar heç nə qalmamalıdır. Ona görə də bu çox ciddi faktorlardan biridir. Əgər müstəntiq orada skeletlərin qalıqları haqda mütəxəssisin rəyini almağa ehtiyac duyarsa, bu zaman ekspertizanın təyin olunması ilə bağlı qərar qəbul edir. Qərar prosessual baxımdan çox dəqiq, diqqətlə tərtib olunmalıdır”.
Müsahibin sözlərinə görə, ekspert, öz rəyində suallara dəqiq cavab verməlidir:
“Əgər suallar ekspert üçün aydın olmayan tərzdə, amma mahiyyəti aydındırsa, ekspert öz təfəkkürünə uyğun tərzdə cavablandırmalıdır.
Ekspert bilərəkdən yalan rəy verməməlidir. Onun rəyində gəldiyi nəticələri təsdiq edən maddi sübutlar, nümunələr, hətta şəkillər, sxemlər, cədvəllər əlavə oluna bilər. Suallar elə şəkildə qoyulmalıdır ki, ekspert üçün aydın olsun. Ekspert rəyi giriş, tədqiqat və onun nəticəsindən ibarət olur.
Bütövlükdə məhkəmə ekspertizasının verdiyi rəy əsasında həmin skeletlər əsasında cinayətin necə törədilməsi haqqında məlumat öyrənilə bilər”.
Nərmin Həşimova