Şəkər xəstəliyinin artmasının səbəbi nədir?-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 21:35 27.02.2025

İndiki halda yayılan şəkər xəstəliyi, xüsusən gündəlik həyat tərzi və qidalanma ilə sıx bağlıdır.


Bu fikirləri “İnformator.az”a açıqlamasında qida üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib. Onun sözlərinə görə, erkən yaşlardan başlayan düzgün qidalanmama prosesi bir sıra fəsadlara yol açır:
“Bu zaman orqanizmdə maddələr mübadiləsinin pozulması və həddindən artıq şəkərli qidaların qəbul edilməsi nəticəsində insan orqanizmi bu şəkərləri düzgün həzm edə bilmir. Nəticədə, insulin hormonunun ifrazı pozulur və şəkər xəstəliyi əvvəllər olduğu kimi müəyyən yaşlı insanlarla məhdudlaşmır, artıq hər yaşda və hər kəsdə müşahidə olunur”.


M.Hüseynovanın sözlərinə görə, insulin hormonunun düzgün ifraz olunmaması erkən yaşlarda şəkərin yaranmasına səbəb ola bilər:
“Bunun qarşısını almaq üçün ilk növbədə, fast food qidalarından və qazlı içkilərdən uzaq durmaq lazımdır. Çünki hər biri tərkibində müəyyən miqdarda şəkər ehtiva edir. Bu şəkərlər artıq qəbul olunduqda düzgün həzm olunmur. Qadınlar üçün gündəlik şəkər qəbulunun miqdarı 20 qr, kişilər üçün isə 35 qr olaraq təyin edilib”.


M.Hüseynova sonda əlavə edib ki, əsas məsələ, insanların qəbul etdikləri qidanı enerjiyə çevirə bilmələridir:
“Hazırkı vəziyyətdə fiziki aktivlik çox zəifdir. Əksər insanlar günün çox hissəsini hərəkətsiz keçirir. Bununla yanaşı, yuxu rejiminə də riayət etmək vacibdir”, - deyə o, yekunlaşdırıb.


Hikmət Kərimov