Bazar qiyməti və maya dəyəri arasındakı fərqin qiymətləndirmədə rolu

Tarix: 21:36 06.03.2025
Azərbaycan bazar iqtisadiyyatı modelinə əsaslanan qiymətləndirmə prosesində, məhsul və ya əmlakın dəyəri əsasən maya dəyəri və bazar qiymətləri əsasında müəyyən edilir.
Məsələ ilə bağlı iqtisadi ekspert Akif Nəsirli “İnformator.az”a açıqlamasında bildirib ki, bazar iqtisadiyyatı modelində qiymətləndirmə mühüm rol oynayır və ona iki yanaşma mövcuddur:
" Birincisi, qiymətləndirmə proqnozlaşdırma məqsədilə aparılır, ikincisi isə əmlak və ya məhsulun real dəyərini müəyyən etmək üçün həyata keçirilir. Qiymətləndirmənin metodoloji əsaslarından biri dəyərin düzgün hesablanmasıdır və bu prosesin ilk mərhələsi maya dəyərinin müəyyənləşdirilməsidir.
Maya dəyəri, məhsulun və ya əmlakın istehsalına və ya əldə edilməsinə çəkilən xərclərin ümumi məbləğidir. Onun hesablanması üçün müxtəlif metodologiyalar tətbiq edilir və burada amortizasiya da nəzərə alınır. Lakin bu, qiymətləndirmənin yalnız bir tərəfidir, çünki bazar iqtisadiyyatı şəraitində qiymətlərin azad olması əsas prinsiplərdən biridir.
Məhsulun və ya əmlakın real bazar dəyərinin müəyyən edilməsi üçün bazar qiymətlərinin monitorinqi aparılmalı və bazar tendensiyaları nəzərə alınmalıdır. Maya dəyəri ilə bazar qiyməti arasındakı fərq məhsulun mənfəətliliyini göstərir. Ancaq nəzərə almaq lazımdır ki, bazar iqtisadiyyatı şəraitində əmtəənin bazar qiyməti maya dəyərindən həm aşağı, həm də yuxarı ola bilər. Bu, tələb və təklifin bazara təsiri nəticəsində formalaşır”.
Ekspert süni intellektin qiymətləndirmə sahəsindəki roluna da toxunub:
“Süni intellekt qiymətləndirmə sahəsində böyük imkanlar yaradır. Verilən məlumatlar əsasında məhsulun maya dəyərini hesablaya, bazar dəyərini qiymətləndirə və proqnozlar verə bilirik. Lakin insan faktorunu tam əvəz etmək mümkün deyil. Süni intellektin dəyərləndirməsi dəqiq və sürətli olsa da, ən yaxşı nəticə mütəxəssislərin qiymətləndirmə metodları və süni intellektin analitik gücünün birləşdirilməsi ilə əldə oluna bilər.
Əgər bütün mütəxəssis hesablamaları süni intellektin yaddaşına ötürülərsə, o zaman süni intellekt üç günə görüləcək işi cəmi bir neçə dəqiqəyə həll edə bilər. Bu, həm vaxt itkisinin qarşısını alar, həm də bazarda daha operativ qərarların qəbul edilməsinə imkan yaradar”.
Xanım Ağamalıyeva