“Buraxılış imtahanları ümumilikdə mürəkkəb imtahan hesab olunmur” -Mütəxəssis AÇIQLAYIR

Tarix: 20:53 18.03.2025
Ötən gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının şəhər və rayonlar üzrə keçirilmə qrafiki müəyyən olunub.
Mövzu ilə bağlı DİM-in Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə “informator.az”a açıqlamasında bildirib ki, sentyabr ayında Dövlət İmtahan Mərkəzi 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramlarını ictimaiyyətə təqdim edib:
“İmtahanda istifadə olunacaq tapşırıqlar həmin proqrama, ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklərə və tədris proqramına, yəni kurikuluma uyğun olaraq tərtib olunur. Bundan öncə keçirilən buraxılış imtahanlarının elmi-statistik təhlili tətbiq olunan imtahan modelinin fənn kurikulumlarının tələblərinə və dərsliklərin məzmununa tam uyğun olduğunu təsdiq edir. Həmçinin “Abituriyent” jurnalının xüsusi buraxılışında tapşırıq nümunələri də imtahan iştirakçılarına təqdim olunub. Ona görə də iştirakçılar narahat olmamalıdırlar.
İmtahanın çətin olması isə nisbi məsələdir. Bu , imtahan iştirakçısının hazırlıq səviyyəsinə görə dəyişir. Hər hansı bir tapşırıq kimə görəsə çətin, kimə görəsə asan ola bilər. Ancaq buraxılış imtahanı ümumilikdə mürəkkəb imtahan hesab olunmur.
Dövlət İmtahan Mərkəzi imtahandan sonra istifadə olunan bütün tapşırıqları, eləcə də onların geniş izahını, hətta hansı altstandartın yoxlanılmasını da açıq şəkildə ictimaiyyətə təqdim edir. DİM imtahanın məzmununu açıq təqdim edir, kitabçaları iştirakçılara verir ki, onlar maksimum rahat olsunlar. İmtahandan sonra bir daha deyilənlərin şahidi ola biləcəksiniz”.
Kəmalə Vəliyeva