Kosmosda doqquz ay qalmaq insan orqanizminə necə təsir edir?

Bölmə: Dünya › ,
Tarix: 17:34 20.03.2025

 

Beynəlxalq Kosmik Stansiyada səkkiz günlük missiyada olan astronavtlar Suni Williams və Butch Wilmore doqquz ay kosmosda qaldıqdan sonra gözlənilmədən Yerə qayıdıblar. Ancaq indi onları uzun bir bərpa prosesi gözləyir.

 

Cənubi Uels Universitetindən İnsan Fiziologiyası Mütəxəssisi Prof. Damian Bailey "Kosmos bəşəriyyətin indiyə qədər qarşılaşdığı ən sərt mühitdir və bədənimiz bu ekstremal şəraitə uyğunlaşmaq üçün təkamül etməyib",- deyib. Astronavtlar bildirirlər ki, kosmosda olmaq əvvəlcə rahatlıq hissi verir. 2015-ci ildə ISS-ə gedən astronavt Tim Pik deyib: 

“Əvvəlcə özünüzü tətildə kimi hiss edirsiniz. Ürəyiniz daha az işləyir, əzələləriniz və sümükləriniz daha az gərginləşir və siz sıfır cazibə mühitində üzürsüz". 

 Ancaq bədən üçün bu rahatlama prosesi uzun müddətdə ciddi dəyişikliklərə səbəb olur.

 

Yer üzündə sadəcə dayanmaq əzələləri işlətdiyi halda, mikroqravitasiya mühitində əzələlərdən demək olar ki, istifadə olunmur. Cazibə qüvvəsi olmadığı üçün əzələlər və sümüklər sürətlə zəifləyir. Prof. Bailey “Astronavtlar hər ay əzələ və sümük kütləsinin təxminən 1%-ni itirirlər. Bu, sürətlənmiş qocalma prosesinə bənzəyir",-deyib. Bu səbəbdən kosmonavtlar kosmosda hər gün iki saatlıq məşq proqramına məruz qalırlar. Onlar qaçış yolu, velosiped idmanı və ağırlıq qaldırma məşqləri edərək əzələ və sümük kütlələrini saxlamağa çalışırlar. Ancaq Yerə qayıtdıqları zaman itirdikləri əzələ kütləsini bərpa etmək aylar, sümük sıxlığını bərpa etmək isə illər çəkə bilər.

 

Mikroqravitasiya bədən mayelərinin ayaqlardan sinə və baş nahiyəsinə keçməsinə səbəb olur. Bu, üzün şişməsi və beyində təzyiqin artması kimi dəyişikliklərə səbəb ola bilər. Bundan əlavə, bulanıq görmə və optik sinirdə dəyişikliklərə səbəb olan "kosmos uçuşu ilə əlaqəli neyro-okulyar sindrom" adlanan bir vəziyyət inkişaf edə bilər. Bu vəziyyətin uzunmüddətli kosmos missiyalarında qalıcı zərər verə biləcəyi ifadə edilir. Kosmos mühitində yuxarı, aşağı və ya yan anlayışı olmadığı üçün astronavtların tarazlıq sistemi pozula bilər.

 

Onlar Yerə qayıtdıqda, cazibə qüvvəsinə yenidən alışmaq çətin ola bilər. "Yerə qayıtdıqdan sonra ilk bir neçə gün tarazlığı bərpa etmək, başgicəllənməni dayandırmaq və normal yeriyə bilmək çox çətindir". Yerə qayıtdıqdan sonra astronavtlar intensiv fiziki reabilitasiya prosesindən keçərək bədən funksiyalarını bərpa etməyə çalışırlar. Bununla belə, alimlərin fikrincə, uzunmüddətli kosmos missiyaları insan orqanizmində bəzi geri dönməz təsirlər qoya bilər.

 

 

TRT Xəbər

Asiman Vəliyeva