İsrailin Qəzzaya yeni hücumlarında ən azı 85 nəfər ölüb

Bölmə: Dünya › ,
Tarix: 18:18 20.03.2025

İsrail çərşənbə axşamı Qəzzada genişmiqyaslı hava hücumlarını bərpa edib. HƏMAS-ın idarə etdiyi səhiyyə nazirliyinin məlumatına görə, gecə boyu İsrailin hava hücumları nəticəsində ən azı 85 fələstinli həlak olub.

 

Bundan bir neçə saat sonra İsrail ordusu Tel-Əvivə atılan üç raketin qarşısını aldığını bildirib. Bu həftə İsrailin əraziyə yenidən bombardımanlar və quru əməliyyatları ilə müdaxilə etməsindən sonra, son iki gündə hava hücumlarının 430-dan çox insanı öldürdüyü bildirilib. İsrail Müdafiə Qüvvələri (IDF) cümə axşamı günü Qəzzanın şimalında quru əməliyyatına başladığını açıqlayıb. Yanvardan bəri davam edən nisbi sakitlik atəşkəsin başlaması ilə yaranıb. Cümə axşamı hücumlardan sonra Qəzzanın səhiyyə nazirliyi daha 133 nəfərin yaralandığını bildirib. İsrail hücumları çərşənbə axşamı danışıqların nəticəsiz qalmasından sonra bərpa edib. İsrail bildirib ki, hücumlar HƏMAS sonuncu girovları azad edənə qədər davam edəcək. İsrailin məlumatına görə, HƏMAS-ın hələ də 59 girovu saxladığı və onlardan 24-nün sağ olduğu ehtimal edilir. IDF sözçüsü polkovnik Aviçay Adraee bildirib ki, HƏMAS Qəzzanın cənubundan üç raket atıb. Onlardan biri zərərsizləşdirilib, digərləri isə açıq ərazilərə düşüb.

 

İsrail ordusu cümə axşamı bildirib ki, Qəzzanın şimalı və cənubu arasında "qismən təhlükəsizlik zonası" yaratmaq məqsədilə "məhdud quru əməliyyatı" həyata keçirilib. BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) rəhbəri Filippo Lazzarini bildirib ki, son bir neçə gündə beş işçisi həlak olub. Onun sözlərinə görə, "onlar müəllimlər, həkimlər və tibb bacıları idilər”. Çərşənbə günü BMT bildirib ki, Deir al-Balah şəhərindəki ofisi zədələnib, nəticədə bir işçi həlak olub, beş nəfər isə yaralanıb. Qəzzanın səhiyyə nazirliyi bu hücumu İsrailin endirdiyini iddia edib, lakin İsrail ordusu bu iddianı təkzib edib. Böyük Britaniyanın Xarici İşlər Naziri Devid Lammi təsdiqləyib ki, hücum zamanı bir britaniyalı yaralanıb. Bu şəxsin 51 yaşlı bombaları zərərsizləşdirmə mütəxəssisi olduğu bildirilir. Bundan başqa, Yəməndəki Husilər cümə axşamı İsrailin Ben Qurion hava limanına ballistik raket atdıqlarını açıqlayıblar. İsrail ordusu raketin İsrail sərhədinə daxil olmadan zərərsizləşdirildiyini bildirib. İsrailin Baş naziri Benyamin Netanyahu çərşənbə axşamı bildirib ki, "tam gücü ilə döyüşlər bərpa edilib" və atəşkəslə bağlı danışıqlar "atəş altında" aparılacaq. Girovların ailələrini təmsil edən bir qrup İsrail hökumətini yeni hücumlar başladaraq girovları "təhlükəyə atmaqda" ittiham edib. İsrail və HƏMAS atəşkəsin 1 martda başa çatan birinci mərhələsindən sonra yeni şərtlər üzrə razılığa gələ bilməyiblər. HƏMAS İsrailin şərtlərini qəbul etməsə də, bir amerikalı girovu və dörd girovun cəsədini azad etməyə hazır olduğunu bildirib. İsrail mart ayının əvvəlindən başlayaraq Qəzzaya qida, yanacaq və tibbi ləvazimatların girişini dayandırıb. Bununla HƏMAS-a təzyiq göstərmək istədiyini bildirib. Lakin İsrail, HƏMAS-ın bu yardımları öz məqsədləri üçün ələ keçirdiyini sübut edən heç bir dəlil təqdim etməyib. Müharibə 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumu ilə başlayıb. Həmin hücumda təxminən 1,200 nəfər, əsasən mülki şəxslər, həlak olub və 251 nəfər girov götürülüb. İsrail bu hücuma cavab olaraq genişmiqyaslı hərbi əməliyyatlar aparıb. HƏMAS-ın idarə etdiyi səhiyyə nazirliyinin məlumatına görə, İsrailin hücumları nəticəsində indiyə qədər 48,500-dən çox fələstinli, əsasən mülki şəxslər, həlak olub. İsrailin hücumları eyni zamanda evlərə və infrastruktura böyük dağıntılar vurub.

 

BBC News
Billurə Quliyeva