Kosmosda qaldıqdan sonra Yerə qayıtdılar

Tarix: 18:58 20.03.2025
Cənubi Uels Universitetindən İnsan Fiziologiyası üzrə mütəxəssis Prof. Damian Bailey: “Kosmos, insanlığın indiyə qədər qarşılaşdığı ən çətin mühitdir və bədənimiz bu ekstremal şərtlərə uyğunlaşacaq şəkildə təkamül etməyib”, – deyə bildirib.
Astronavtlar ilk vaxtlarda kosmosda olmağın rahat bir hiss verdiyini qeyd edirlər. 2015-ci ildə Beynəlxalq Kosmik Stansiyaya (ISS) gedən astronavt Tim Peak, “Əvvəlcə sanki tətilə çıxmısınız kimi hiss edirsiniz. Ürəyiniz daha az işləyir, əzələləriniz və sümükləriniz daha az yüklənir və çəkisizlik mühitində süzülürsünüz”, – deyə bildirib.
Lakin bədən üçün bu rahatlıq uzunmüddətli perspektivdə ciddi dəyişikliklərə səbəb olur. Yer kürəsində sadəcə ayaq üstə dayanmaq belə əzələlərin işləməsini təmin edərkən, mikroçəki mühitində əzələlər demək olar ki, heç istifadə edilmir. Çəkisizlik səbəbindən əzələlər və sümüklər sürətlə zəifləyir. Prof. Bailey bildirib ki, “astronavtlar hər ay əzələ və sümük kütlələrinin təxminən 1%-ni itirirlər. Bu vəziyyət sürətlənmiş qocalma prosesinə bənzəyir”. Bu səbəbdən astronavtlar kosmosda hər gün iki saatlıq idman proqramı ilə məşğul olurlar. Qaçış zolağı, velosiped və ağırlıq qaldırma hərəkətləri edərək əzələ və sümük kütlələrini qorumağa çalışırlar. Lakin Yerə qayıtdıqdan sonra itirilən əzələ kütləsini bərpa etmək aylar, sümük sıxlığını geri qazanmaq isə illər çəkə bilər.
Mənbə:TRT HABER
Ətirə İbayeva