Nazir Fidan: İsrail üzərində təzyiq artırılmalıdır

Tarix: 21:43 23.03.2025
Xarici işlər naziri Hakan Fidan Qəzzada soyqırımın davam etdiyini və İsrailin ekspansionist siyasətini sürdürdüyünü bildirərək, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri tərəfindən dəstəklənən Misirin Qəzza planı əsasında irəliləməyin vacib olduğunu qeyd edib.
Xarici İşlər Nazirliyi mənbələrinin verdiyi məlumata görə, Fidan Misirin paytaxtı Qahirədə iştirak etdiyi İƏT və Ərəb Liqasının Qəzza Təmas Qrupu Toplantısında çıxış edib.
Nazir çıxışında toplantı davam edərkən Qəzzada soyqırımın, məcburi köçkünlük və aparteidin hələ də sürdüyünü vurğulayaraq, 18 martda İsrailin hava hücumlarının onun daha geniş bir gündəliyinin olduğunu açıq şəkildə göstərdiyini bildirib.
Humanitar yardımların çatdırılmasının qarşısının alınması və Suriya ilə Livan torpaqlarının hədəfə alınmasının İsrailin bu ekspansionist siyasətində israr etdiyini sübut etdiyini qeyd edən Fidan, “Bölgədə İsrail dayandırılmadan sülh mümkün deyil. Əsas hədəfimiz Qəzzadakı dağıntıların dayandırılması və daimi atəşkəsin təmin olunması olmalıdır. İsrail üzərində təzyiq artırılmalıdır”,- deyə bildirib.
Fidan, təcili və daimi atəşkəs üçün Birləşmiş Millətlər Təşkilatı kimi platformalardan faydalanmalı olduqlarını vurğulayıb. O, bütün İƏT ölkələri tərəfindən dəstəklənən Misirin Qəzza planının konstruktiv bir çərçivə təqdim etdiyini və bu plan əsasında irəliləməli olduqlarını qeyd edib.
TRT XƏBƏR
Günel Verdiyeva