Putin İstanbulda danışıqlar təklif edir

Tarix: 23:14 12.05.2025
Rusiya Prezidenti Vladimir Putin:
"Kiyevlə danışıqları yenidən başlamaq istəyirik. Biz birbaşa danışıqların, xüsusilə ilkin şərt olmadan, əvvəllər fasiləsiz şəkildə başlandığı İstanbulda, mayın 15-i – cümə axşamı günü bərpa olunmasını təklif edirik.
Prezident Ərdoğanla danışacağam. Ondan Türkiyədə danışıqlar üçün şərait yaratmasını xahiş edəcəyəm. Ümid edirəm ki, o, Ukraynada sülh axtarışlarına töhfə vermək istəyini təsdiqləyəcək. Ukrayna ilə ciddi danışıqlar aparmaqda qərarlıyıq".
Məsələ ilə bağlı politoloq Oqtay Qasımov “İnformator.az”a açıqlamasında bildirib ki, Amerika, Ukrayna və Avropa dövlətlərinin Putinin bu təklifinə aldanacağını düşünmür:
“Rusiya Prezidenti Vladimir Putinin Türkiyədə danışıqların davam etdirilməsi ilə bağlı təşəbbüsü, şübhəsiz ki, Rusiyanın maraqlarına xidmət edən bir məsələdir. Belə ki, Putin burada Amerika, Ukrayna və Avropadan irəli sürülən 1 aylıq atəşkəs anlaşmasından yayınaraq prosesi başlatmaq istəyir. Bununla da Ukraynanın vaxt qazanmasının, güclənməsinin və proseslərin Rusiyanın əleyhinə yönəlməsinin qarşısını almağa çalışır.
Bundan əlavə, nəzərə almaq lazımdır ki, Rusiyanın bu prosesdə şərtləri tamamilə fərqlidir və Amerika da etiraf edir ki, Rusiya sülh danışıqları ilə bağlı olduqca qəbuledilməz tələblər irəli sürür. Bu, həmçinin Amerika üçün qəbuledilməz sayılır. Hesab edirəm ki, bu bir manevrdir.
Burada diqqət çəkən məsələ Putinin Türkiyədən və onun Prezidentindən danışıqlar üçün şərait yaratmasını xahiş etməsidir ki, bu da Türkiyənin proseslərdə rolunun nə qədər güclü olduğunu və vasitəçilik imkanlarının miqyasını göstərən bir faktdır.
Ancaq düşünmürəm ki, həm Amerika, həm Ukrayna, həm də Avropa dövlətləri Putinin bu fəndinə aldansın və prosesin Türkiyədə davam etdirilməsinə razı olsunlar. Əlbəttə, ABŞ-nin sabiq prezidenti Donald Tramp bu estafeti Türkiyəyə verə bilər, ancaq bu şərtlə ki, burada hər şey Rusiyanın istədiyi formada olmasın. Qərb ölkələrinin Putinin bu təklifinə münasibəti mənfi olacaq, lakin bu görüşün keçiriləcəyi ehtimalını istisna etmirəm".
Fatimə Şahverdiyeva