Xərçənglə mübarizədən sonra vəfat edən ilk qaradərili respublikaçı qadın

Bölmə: Dünya › ,
Tarix: 13:51 24.03.2025

CNN – ABŞ Konqresinə Respublikaçı olaraq seçilən ilk qaradərili qadın olan keçmiş nümayəndə Mia Love aqressiv beyin xərçəngi ilə mübarizədən sonra dünyasını dəyişib, ailəsi bazar günü gecə "X" platformasında açıqlama verib.


49 yaşında vəfat edən Love, 2015-2019-cu illərdə Yutahın 4-cü Konqres Dairəsini təmsil edib. “Bizim həyatımıza dərin təsir göstərən Mia üçün minnətdar qəlblərlə dolub-daşaraq sizə bildirmək istəyirik ki, o, bu gün sakit şəkildə dünyasını dəyişdi”,– deyə Love ailəsi Mia Love-un "X" hesabında yazıb. “O, ailəsi ilə birlikdə evində idi. Onun həyatının qeyd olunduğu və xoş xatirələrin seli içərisində Mia sakitcə ölümün zəncirlərindən qurtulub, hər zaman olduğu kimi, sözləri və baxışları ilə göylərə yüksəldi. Aldığımız çoxsaylı xoş arzulara, dualara və başsağlıqlarına görə minnətdarıq”.

 

Yutah qubernatoru Spenser Koks Love-un ölümünə həsr etdiyi paylaşımında onu “həqiqi yol açan və vizion sahibi lider” adlandırıb.


“Abby və mən əziz dostumuz Mia Love-un vəfatından dolayı kədərləndik. Həqiqi yol açan və vizion sahibi lider olan Mia, cəsarəti, zərifliyi və Amerika arzusu ilə bağlı sarsılmaz inancı ilə saysız-hesabsız Yutah sakinlərini ilhamlandırdı. Onun irsi dövlətimizdə uzunmüddətli, müsbət təsir buraxır. Onu dərin kədər hissi ilə itirəcəyik”,– deyə Koks bildirib. May ayında Love CNN-in “The Lead with Jake Tapper” proqramında 2022-ci ildə qoyulan glioblastoma (GBM) beyin xərçəngi diaqnozunu izah edib. MD Anderson Xərçəng Mərkəzinə görə, GBM diaqnozu qoyulan insanlarda yaşama müddəti adətən bir yarım-iki il olur və beş il ərzində sağ qalma ehtimalı yalnız 10%-dir.
Love Tapper-ə avqust 2023-dən bəri Dyuk Universitetindəki Preston Robert Tisch Beyin Şişi Mərkəzində klinik sınaq çərçivəsində hər üç həftədən bir immunoterapiya aldığını bildirib. O, 10-15 aylıq həyat proqnozunu aşmasına baxmayaraq, nikbin baxışından və Mormoni inancının ona bu mübarizədə necə kömək etdiyindən danışıb. “Mən şəfa axtarışında həm inancıma, həm də elmə güvənirdim”,– deyə o bildirib.

 

Fatimə Heydərova
CNN News