ABŞ rəsmiləri Yəməndəki müharibə planlarını səhvən amerikalı jurnalistə göndərib

Tarix: 17:22 25.03.2025
ABŞ ordusunun Yəməndə husilərə qarşı keçirdiyi hücumlarla bağlı hərbi planlarının, bir milli təhlükəsizlik rəsmisinin səhvən "The Atlantic" jurnalının redaktoru Jeffrey Goldbergə göndərdiyi məlum olub.
ABŞ-nin Yəməndəki müharibə planlarının bir jurnalistə səhvən ötürülməsi Amerika ictimaiyyətində ciddi müzakirələrə səbəb olub. Sözügedən müharibə planlarının ona göndərildiyini açıqlayan "The Atlantic" jurnalının redaktoru Goldbergin bu məsələyə aydınlıq gətirməsindən sonra, Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Brian Hughes da məlumatı təsdiqləyib.
Goldberg "Tramp administrasiyası müharibə planlarını səhvən mənə mesajla göndərdi" başlıqlı yazısında əvvəlcə milli təhlükəsizlik rəsmilərinin olduğu bir Signal qrupuna əlavə edildiyini bildirib. Daha sonra isə Müdafiə Naziri Pete Hegsethin qrupa göndərdiyi mesajda Yəmənə planlaşdırılan hücumların detalları yer alıb.
Goldberg yazısında belə qeyd edib:
"ABŞ-nin milli təhlükəsizlik rəsmiləri məni Yəməndə yaxınlaşan hərbi hücumlarla bağlı bir qrup söhbətinə daxil etdilər. Əvvəlcə bunun real olduğuna inanmadım. Bir müddət sonra isə bombalar düşməyə başladı".
Başlanğıcda mesaj qrupunun həqiqiliyinə dair ciddi şübhələri olduğunu yazan Goldberg əlavə edib:
"ABŞ-nin milli təhlükəsizlik rəsmilərinin yaxın döyüş planları barədə Signal üzərindən ünsiyyət qurduğuna inanmadım. Prezidentin milli təhlükəsizlik müşavirinin məni yüksək səviyyəli ABŞ rəsmilərinin iştirak etdiyi müzakirələrə daxil edəcək qədər ehtiyatsız davrana biləcəyinə inanmadım".
Goldberg iddia edib ki, ABŞ-nin Milli Təhlükəsizlik Müşaviri Mike Waltz 11 mart tarixində Signal üzərindən onunla əlaqə qurub və iki gün sonra Yəməndəki husilərə qarşı hücumların müzakirə edildiyi "Houthi PC Kiçik Qrupu" adlı mesaj zəncirinə qoşulmağa dəvət olunub. Amerikalı jurnalist Waltzun onu səhvən bu qrupa əlavə etdiyini düşündüyünü bildirib.
The Atlantic jurnalını oxumadığını deyən Tramp, hadisədən xəbərdar olmadığını, lakin bu səhvin Yəməndəki hücumlara təsir etmədiyini müdafiə edib.
Sosial mediada isə bir çox istifadəçi ABŞ-nin məxfi müharibə planlarının bu şəkildə səhvən bir jurnalistə göndərilməsini qəbuledilməz hesab edib.
ABŞ martın 15-də Yəməndə husilərə qarşı hücumlar həyata keçirib və bu hücumları Tramp dünya ictimaiyyətinə elan edib.
Mənbə: Trt haber
Aytən Ağazadə