Ərdoğanın iğtişaşlara qarşı çıxdığı Türkiyədə etirazların altıncı gecəsi

Bölmə: Dünya › ,
Tarix: 18:21 25.03.2025

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə altıncı gecədir ki, davam edən etirazlar zamanı müxalifət partiyalarını “zorakılıq hərəkatı”na təhrik etməkdə günahlandırıb.

 

İstanbulda iğtişaşlar ötən çərşənbə günü şəhərin meri - Ərdoğanın əsas siyasi rəqibi Əkrəm İmamoğlunun korrupsiya ittihamı ilə saxlanılması ilə başlayıb.

 

İmamoğlu ona qarşı irəli sürülən ittihamların siyasi motivli olduğunu deyib, Ərdoğan bu iddianı təkzib edib.

 

Bazar günü İmamoğlunu prezidentliyə namizəd kimi elan edən Türkiyənin ana müxalifət partiyası Cümhuriyyət Xalq Partiyası (CHP) növbəti addımların nə olacağını söyləmədən nümayişlərin çərşənbə axşamı bitəcəyini bildirib.

 

Ərdoğan nümayişləri “şər” adlandırıb və müxalifəti “təxribatlarla vətəndaşlarımızın dincliyini pozmaqda” günahlandırıb.

 

Türkiyənin paytaxtı Ankaradan danışan Ərdoğan etirazları dayandırmağa çağırıb və bildirib ki, müxalifət partiyaları “iddialara cavab vermək əvəzinə” " son beş gün ərzində siyasi tariximizin ən alçaq və qanunsuz bəyanatlarını veriblər”.

 

Bazar ertəsi su şırnaqları daşıyan maşınlar şəhər meriyasının yaxınlığında görünüb, baxmayaraq ki, etirazlar bazar günü görülən şiddətli toqquşmaların təkrarlanmaması ilə əsasən dinc keçib.

 

Nümayişçilərdən biri olan Lidiya AFP-yə Türkiyə hakimiyyətinin "bizi zərərvericilər kimi ovladığını" deyib və əlavə edib: "Onlar insektisid kimi üzərimizə bibər qazı vurdular".

 

Gənclər - çoxları Ərdoğanın dövründə bu hökumətdən başqa heç bir hökumət tanımaya bilər - etirazlarda mühüm rol oynayıblar.

 

Onların fərqli siyasi baxışları var və nümayişlərdə konkret siyasi hərəkata bağlı olduqları görünmür. Onlar iqtidara qarşı toplaşırlar, amma müxalifəti də tənqid etməkdən çəkinmirlər.

 

Bir qadın BBC-yə nümayişin potensial təsirlərindən qorxduğunu soruşduqda, "İtirəcək heç nə qalmayıb",- deyib.

 

Bazar günü keçirilən etiraz aksiyasına qatılan 25 yaşlı bir qadın daha əvvəl qorxduğunu söyləyib - "amma indi sadəcə qəzəbləndim".

 

Bazar ertəsi axşamkı toplantılardan əvvəl açıqlanan rəqəmlərdə Türkiyə hökuməti etirazlar başlayandan bəri 1133 nəfərin həbs edildiyini bildirib.

 

CHP-nin İstanbulda mitinqlərini bitirdiyi görünür, digər kortəbii etirazların davam edib-etməyəcəyi bəlli deyil.

 

CHP lideri Özgür Özəl bazar ertəsi gecəsi toplaşan minlərlə insan qarşısında çıxış edərək, nümayişin "faşizmə qarşı meydan oxuma hərəkəti" olduğunu deyib.

 

Özəl çərşənbə axşamı Silivridəki həbsxanada İmamoğlunu ziyarət edəcəyini bildirib. O, əlavə edib ki, CHP onun məhkəməyə qədər azadlığa buraxılması və məhkəmə prosesinin dövlət televiziyası TRT-də canlı yayımlanması üçün müraciət edəcək.

 

 

BBC

Nəzrin Məmmədova