Türkiyə, Azərbaycan və Gürcüstan arasında parlament əməkdaşlığı: yeni mərhələnin başlanğıcı

Tarix: 21:11 07.04.2025
Türkiyə, Azərbaycan və Gürcüstan parlamentləri arasında yeni üçtərəfli əməkdaşlıq mexanizmi yaradılır. Tərəflər bu format vasitəsilə qanunverici orqanlar səviyyəsində əlaqələri daha da gücləndirmək niyyətindədirlər.
Məsələ ilə bağlı politoloq Xəyal Bəşirov “İnformator.az”a bildirib ki, bu təşəbbüs üç ölkə arasında strateji tərəfdaşlığın qanunvericilik sahəsində də dərinləşməsinə səbəb olacaq:
“Bu format, qanunvericilik orqanlarının regional proseslərdə daha aktiv rol almasına şərait yaradacaq. Azərbaycan hər zaman Gürcüstan üzərindən Türkiyə ilə əməkdaşlıq etməklə mühüm enerji və nəqliyyat layihələrini reallaşdırıb. Bu parlament əməkdaşlığı isə həmin strateji xəttin davamıdır".
Politoloq qeyd edib ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi kimi layihələr bu əməkdaşlığın real nəticələridir. Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın təklif etdiyi “3+3” formatında da Gürcüstan və Türkiyə əsas iştirakçılardır:
“Hazırkı təşəbbüs dövlətlər arasında mövcud olan yüksək səviyyəli əməkdaşlığın hüquqi və qanunverici bazasının möhkəmləndirilməsinə yönəlib. Bu, həm də regionda sabitliyin və müsbət inteqrasiyanın nümunəsidir".
Müsahibin fikrincə, düşmənçilik üzərində qurulan münasibətlərdən fərqli olaraq, Türkiyə, Azərbaycan və Gürcüstan birgə və müsbət gələcək qurmağa çalışırlar. Parlamentlərarası əməkdaşlıq bu baxımdan strateji əhəmiyyət daşıyır.
Gülhüseynova Güllər