“Azərbaycan güləşçiləri keçən il olduğu kimi bu il də öz sözlərini deyəcəklər”

Bölmə: İdman › ,
Tarix: 22:46 07.04.2025

Azərbaycan güləşi yenidən böyük arenalara doğru addımlayır. 5 cəsur güləşçimiz bu gün mühüm bir turnirdə mübarizəyə başlayır. İdmansevərlərin diqqəti onların göstərəcəyi nəticələrə yönəlib.

 

Mövzu ilə bağlı Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musalı "İnformator.az"a açıqlama verib:

“Komandada əhvali-ruhiyyə yüksəkdir və birazdan 5 güləşçimiz artıq mübarizəyə başlayır. Komandanın özünəinamı var, idmançılarımız da özünə inanır. Ancaq rəqabət çox güclü olacaq, çünki Avropanın ən yaxşı güləşçiləri bu gün mübarizədə olacaq. Xüsusən də, son illərdə sərbəst güləşdə rəqabət artıb. Bunun da əsas səbəbi Rusiyada olan idmançıların çoxunun başqa ölkələrə legianel kimi getməsidir. Bu da rəqabəti hədsiz artırır, hətta indi güləş tarixində heç olmadığı qədər rəqabət var".

 

Müsahib qeyd edib ki, hər nə qədər rəqabət güclü olsa da, Azərbaycan güləşçiləri də keçən il olduğu kimi bu il də öz sözlərini deyəcəklər:

 

"Güləşçilərimizin çempion olmaq kimi istəkləri də var ki, bu da gözlənilir. Bu gün İslam Bazarqanov, Əli Rəhimzadə, Kənan Heybətov, Orxan Abbasov və Abubakır Abakarov mübarizə edəcək. Adıçəkilən güləşçilərin hər biri daha öncə Avropa çempionatlıqlarında iştirak ediblər və böyük yarış təcrübələri var. Onlardan İslam Bazarqanov, Əli Rəhimzadə və Abubakır Abakarov Avropa mükafatçısıdırlar. İslam Bazarqanov ötən il gümüş medal qazanıb, bu ilki məqsədi isə təbii ki, daha yüksək əyarlı medal istəyir və bunu almağa da imkanı var. Əli Rəhimzadə daha öncə 3 dəfə bürünc medal qazanıb. Onun da məqsədi ən azı gümüş medaldır. Abubakır Abakarov daha öncə Avropa mükafatçısı olub və bu dəfə 97 kq çəki ilə daha iddialıdır. O ki, qaldı Kənan Heybətov 70 kq, Orxan Abbasov 79 kq ilə iştirak edir və onlar keçən il ilk dəfə Avropa çempionluğunda döyüşüblər. İndi daha hazırlıqlıdırlar və onlar da iddialıdırlar. Ümumiyyətlə güləş ağır idman növüdür və daimi məşq, dözüm, iradə, səbr lazımdır. Bunlar varsa, onda mənəvi xarakterin də güclüdür deməkdir. Mənəvi xarakter yaxşıdırsa, onda uğur qazana biləcəksən".

 

Müsahibimizin sözlərinə görə Azərbaycan güləşi dünya arenasında yüksək səviyyədədir, bəzən uğursuzluq olur, ancaq bu hər zaman baş verə bilər:

 

"Rəqabət bunu dəyişir: əgər güclü rəqabət varsa, təbiidir ki, bəzən qalibiyyət, bəzən məğlubiyyət olacaq. Azərbaycanı dünyanın ən yaxşı güləşçiləri olan ölkələr sırasında yazmaq olar, hətta ilk beşliyə girəcək səviyyədədir. Burada Rusiya, ABŞ, İran, Yaponiya ilk beşlikdə vardır. Avropada isə ilk üçlükdəyik.
Ölkəmizin bu cür beynəlxalq yarışlarda iştirakı gənclərin idmana marağını artırır. Əsasən də, uğur qazanarsa yaxın çevrə, dost, tanış və sairə də həvəslənir. Hər bir uğurun ardınca isə gənclər gəlir, kütləvilik yaradır, motivasiya verir. Bu gün özünə Hacı Əliyevi, Dəniz Əzizlini nümunə olaraq seçən və bu yolda addım atan neçə neçə gəncimiz var. Necə ki, Hacı Əliyev də bir zamanlar Namiq Abdullayevi izləyib bu yola addım atıb, indi də gənclər beləcə inkişaf edəcəklər".

 

Zəhra Möhübbətova