Donald Trampla İlon Mask arasında ciddi fikir ayrılığı yaranıb

Tarix: 17:39 08.04.2025
ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən iş adamı İlon Mask Birləşmiş Ştatlar Prezidenti Donald Trampdan qarşılıqlı əsasda tətbiq etdiyi əlavə idxal rüsumlarına yenidən baxmağı xahiş edib.
Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, Trampın tarif siyasəti isə indiki mərhələdə həm ABŞ-ın özündə, həm də dünyanın dörd bir yanındakı iş adamlarına iqtisadi baxımdan mənfi təsir edir.
"ABŞ Hökumətinin səmərəliliyi departamentinə rəhbərlik edən İlon Mask hər şeydən öncə bir iş adamıdır və o, iş adamı olaraq dünyanın bir çox ölkələri və böyük şirkətləri ilə əməkdaşlıq edir. Trampın tarif siyasəti isə indiki mərhələdə həm ABŞ-ın özündə, həm də dünyanın dörd bir yanındakı iş adamlarına iqtisadi baxımdan mənfi təsir edir. Dövlətlər və şirkətlər yeni ticarət zəncirlərinin qurulması və Trampın tarif siyasətinin yaratdığı çətinliklikəri minimallaşdırmaq üçün yollar axtarırlar.
Məsələ burasındadır ki, uzun müddətli perspektivdə Trampın tarif siyasəti ölkə iqtisadiyyatı üçün yeni imkanlar aça bilər. Yəni, ayrı-ayrı ölkələrə, məsələn, ucuz işçi qüvvəsi və münasib vergilər səbəbilə Çinə yatırım edərək istehsal sahələri yaradan böyük şirkətlər bu ticarət müharibəsindən ziyan görməmək üçün öz biznesslərini ABŞ-yə köçürə bilərlər. Bu təbii ki, ABŞ iqtisadiyyatını gücləndirə, yeni iş yerlərinin açılmasına və ölkə gəlirlərinin artmasına imkan verər.
Amma bu, qısa zaman kəsimində həllini tapa biləcək məsələ deyil. İndiki halda bu siyasət ABŞ daxilində kəskin qiymət artımına səbəb ola bilər. Belə ki, indiyə qədər ABŞ bazarına daxil olan məsələn, 100 dollar dəyərində məhsul artıq ölkələrdən asılı olaraq 110-140 dollar qiymətə bazara daxil olacaq. İkinci bir tərəfdən ABŞ-ın özündə də istehsal sahələri ayrı-ayrı ölkələrdən əldə edilən xammaldan istifadə edirlər. İndi həmin xammal və ya ABŞ istehsalçısı üçün lazım olan hər hansı başqa bir mal baha qiymətə əldə ediləcək ki, bu da özlüyündə qiymət artımına səbəb olacaq. Bu isə ölkə daxilində Tramp hakimiyyətinin nüfuzuna zərbə vura bilər və biz artıq müəyyən etiraz aksiyalarına da şahidlik edirik.
Maskın narahat edən digər məsələ əlavə rusumların tətbiq edildiyi bir sıra ölkələrin də buna cavab olaraq ABŞ-a qarşı rusumlar tətbiq etməsi ilə bağlıdır. Maskın ilk dövrlərdə səssiz qalması, amma Aİ-nin aprelin 9-da ABŞ rüsumlarına cavab tədbirlərini təsdiqləyəcəyi ilə bağlı bəyanatından sonra əl-ayağa düşməsi də bunu sübut edir. Avropa İttifaqı uzun dövr ərzində ABŞ-ın həm siyasi, həm hərbi, həm də iqtisadi baxımdan bir nömrəli tərəfdaşı olub. İndi isə Trampın Aİ-nin təhlükəsizliyindən faktiki olaraq imtina etməsi ilə gərginləşən ABŞ-Avropa münasibətlərinin ticarət müharibəsi ilə daha da pisləşəcəyi şübhəsizdir. Aİ öz iqtisadiyyatını qorumaq üçün yeni tərəfdaşlarla, hətta Çinlə belə sərfəli şərtlər daxilində ticarətini genişləndirə bilər.
Bu sadalananlar təbii olaraq Maski narahat edir və ona görə də biz artıq onun tərəfindən ABŞ Prezidentinin ticarət və istehsal üzrə baş müşaviri, tariflərin tətbiqi planının hazırlanmasında əsas rol oynayan Piter Navarronu hədəfə alan bəyanatlara şahidlik edirik.
Mask həm Avropa, həm də ABŞ-ın sıfır rüsum siyasətinə keçməsini, eləcə də insanların Avropa ilə ABŞ arasında sərbəst hərəkət etmələrini və istədikləri təqdirdə hər iki ölkədə işləmələrini təklif edir. Düşünürəm ki, Maskın təklifləri hələ ki, dəyərləndirilməsə də amma bir müddət sonra ən azından Aİ-ilə bağlı tariff siyasətində müəyyən yumşalmalara şahidlik edə bilərik. Çünki əks halda bu ticarət müharibəsindən itirən təkcə Avropa olmayacaq".
Səmayə Səftərova