Azərbaycan nefti ucuzlaşdı

Bölmə: İqtisadiyyat › ,
Tarix: 19:27 10.04.2025

Dünya bazarlarında "Azeri Light" markalı Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb. Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli "informator.az"a açıqlamasında bildirib ki, neftin ucuzlaşmasının çox səbəbi var, əslində bu gözlənilməz şəkildə baş vermədi:


"1 il bundan qabaq D.Tramp seçki kampaniyasına başlayanda nefti ucuzlaşdıracağını və bunun üçün addımlar atacağını söyləyib. Bunun ardınca son günlərdə həm tarif müharibələrinin qızışması, həm OPEC+ anlaşmasına daxil olan ölkələrin hasilatı artıracağı qərarı, mayın 1-dən ümumilikdə hasilatı 420 min barel artırlacağı, bütün bunlar neftin qiymətinə mənfi təsir göstərdi. Nəticə olaraq, neft ucuzlaşmaqda davam etdi. Amma dünən biraz irəliləyişlər də oldu, yəni 60 dollara yaxın ucuzlaşan neft indi 63 dollara qədər qalxıb. Bu da onunla əlaqədardır ki, Tramp 75 ölkəyə tarif proqramını dayandırdı. Çünki həmin ölkələr ABŞ-nin tələblərini yerinə yetirdilər".

 

Ucuzlaşma ölkəmizin iqtisadiyyatına necə təsir edəcək?

 

"Azərbaycana təsirləri əlbəttə böyükdür. Bizim ixracatımızın təməli neftdən ibarətdir. Neft ucuzlaşdıqca ölkəyə valyuta daxil olmaları azalır. Bu halda ticarət balansına da, mənfi təsir göstərir. Bu da manata basqıları artırır. Azərbaycan idxaldan kəskin asılı olan bir ölkədir. Xaricdə qiymət dəyişikliyi, infilyasiya və bahalaşma baş verəcəksə, bunun Azərbaycana da təsirləri olacaq".

 

Billurə Quliyeva