Dünya birjalarında neft ucuzlaşıb: Bunun Azərbaycana təsiri necə olacaq?

Bölmə: İqtisadiyyat › ,
Tarix: 21:12 10.04.2025

 

 

Son günlərdə dünya bazarlarında neftin qiymətində eniş müşahidə olunur. Bu tendensiya bir sıra ölkələrdə narahatlıq doğursa da, Azərbaycan üçün vəziyyət nisbətən stabildir. Ekspertlər hesab edirlər ki, qiymət enişi əsasən qlobal iqtisadi yavaşlama, maliyyə bazarlarında dalğalanmalar və resessiya əlamətləri ilə bağlıdır. Bəzi analitiklər yaxın aylarda vəziyyətin daha da aydınlaşacağını düşünür.

 

Mövzu ilə bağlı iqtisadçı, ekspert Emin Qəribli “İnformator.az”a açıqlamasında bildirib ki, hazırda qiymətlər Azərbaycan iqtisadiyyatı üçün təhlükəli həddə deyil.

 

Onun sözlərinə görə, bu vəziyyət neftin qiymətinə də birbaşa təsir göstərib:

 

“Hazırkı qiymət Azərbaycan iqtisadiyyatı üçün təhlükəli səviyyədə deyil. Ümid edirik ki, bu vəziyyət uzunmüddətli olmayacaq”.

 

Ekspert həmçinin xatırladıb ki, Azərbaycan 2014-cü ildə müəyyən iqtisadi çətinliklərlə üzləşsə də, sonrakı illərdə, xüsusilə 2022-ci ildə bir çox digər neft ölkələrindən fərqli olaraq, daha sabit iqtisadi kurs sərgiləyib.

 

İqtisadçı vurğulayıb ki, əgər bu tendensiya davam edərsə və resessiya dərin böhrana çevrilərsə, bu zaman dünya iqtisadiyyatı ilə inteqrasiya olunmuş Azərbaycan da müəyyən təsirlərlə üzləşə bilər:

 

“Hələlik təhlükə yoxdur. Amma gözləyək, tələsməyə ehtiyac yoxdur. Neftin qiymətindəki eniş qlobal tendensiyaların təsiridir və situasiyanı diqqətlə izləmək lazımdır”.

 

Ekspert hesab edir ki, yaxın dövrdə vəziyyətin daha da aydınlaşması üçün müşahidələr davam etdirilməli, ancaq hələlik narahatlıq üçün ciddi əsas yoxdur. Azərbaycanın iqtisadi dayanıqlığı və əvvəlki illərdəki təcrübəsi belə hallara hazırlıqlı olduğunu göstərir.

 

Gülhüseynova Güllər