“Yayda "Qarabağ"da dəyişikliklər olacaq” -ŞƏRH

Tarix: 12:47 15.04.2025
“Qarabağ”ın əlcəzairli futbolçusu Yasin Benziya bu yay komandasını dəyişə bilər.
Yarımmüdafiəçinin karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək variantları var.
Mövzu ilə bağlı idman jurnalisti Orxan Sübhan “informator.az”a açıqlamasında bildirib ki, yayda "Qarabağ"da dəyişikliklər olacaq:
“Bu mövsüm Avrokuboklarda ümidləri doğrultmadığından Ağdam təmsilçisində dəyişiklik mütləqdir. Yayda komandadan gedənləri daha yaxşıları əvəz etməlidirlər. Yoxsa yeni Avrokubok mövsümündə də komandanı eyni aqibət gözləyə bilər. Artıq bəzi futbolçularla vidalaşmaq zamanıdır. Onlardan biri də Benziyadır. Komandaya yeni qoşulanda formadan uzaq idi. Gəldi, artırdı, vurduğu qollarla, nümayiş etdirdiyi oyunla , hətta Əlcəzair millisinə də dəvət aldı. Ancaq bu mövsüm ümidləri doğrultmadı. Üstəlik "Qarabağ"dan maaşının artırılmasını da istəyir ki, "Qarabağ" Benziyaya verəcəyi maaşa daha yaxşı transfer edə bilər. Bir sözlə Benziyanın gedişi komandaya bir o qədər təsir etməyəcək. Gedəni saxlamazlar. Yolu açıq olsun”.
Kəmalə Vəliyeva