Yeni dəmiryol xətləri-Qarabağ və Şərqi Zəngəzura iqtisadi təsiri

Bölmə: Sosial › ,
Tarix: 17:47 17.04.2025

Qarabağa sərnişin qatarlarını buraxa bilmək üçün həm Bərdə-Ağdam, həm də Horadiz-Ağbənd layihələrinin daha öncəki hissələri əsaslı təmir olunmalıdır.

 

Mövzu ilə bağlı ADY-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Bəxtiyar Hacıyev bu layihələrin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə və ümumilikdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına müsbət iqtisadi təsirləri olacağını bildirib:

 

"Bərdə–Ağdam və Horadiz–Ağbənd dəmir yolu layihələrinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə və ümumilikdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına müsbət iqtisadi təsirləri olacaq. Bu təsirlərə nümunə olaraq logistika və nəqliyyatın inkişafını göstərmək olar. Əlavə olaraq yeni dəmiryol xətləri həm yerli əhali, həm də sənaye və kənd təsərrüfatı məhsullarının daha sürətli və sərfəli şəkildə daşınmasına verəcək. Digər tərəfdən, yeni dəmiryol xətləri ticarət dövriyyəsinin artımına ciddi təkan verəcək, daxili və xarici bazarlara çıxış imkanları genişlənəcək.
Regional əlqələndirmə kontekstində isə Zəngəzur dəhlizinin bir hissəsi olan Horadiz–Ağbənd dəmiryol xətti gələcəkdə regionun tranzit potensialını artıracaq".

 

Dəmiryol infrastrukturunun bərpası Qarabağ bölgəsində logistik mərkəzlərin yaranmasına səbəb ola bilərmi?

 

"Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dəmiryol infrastrukturunun bərpası regionun iqtisadi inkişafı üçün əsas amillərdən biridir. Xüsusilə Bərdə–Ağdam və Horadiz–Ağbənd dəmiryol xətlərinin tikintisi bölgənin logistik potensialını əhəmiyyətli dərəcədə artıracaq. Qlobal kontekstə baxsaq, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi bölgəni yük axınlarının toplanması, çeşidlənməsi və paylanması üçün əlverişli məkana çevirir. Nəticədə Ağdam, Füzuli, Horadiz və Zəngilan kimi ərazilərdə logistik mərkəzlərin yaradılması mümkündür. Bu mərkəzlər həm yerli istehsalın genişlənməsinə, həm də beynəlxalq ticarətin inkişafına təkan verəcək, eyni zamanda, kənd təsərrüfatı və sənaye sahələrinə dinamizm gətirəcək. Qarabağ iqtisadi zonasının sosial-iqtisadi inkişafını sürətləndirəcək bir digər layihə də yeni inşa edilən Ağdam Vağzal Kompleksidir. Bu kompleks təyinatına görə Qarabağ regionunun mühüm nəqliyyat mübadilə mərkəzinə çevriləcək. Beləliklə, dəmir yollarının bərpası yalnız nəqliyyat deyil, həm də dayanıqlı iqtisadiyyatın qurulmasında əsas rol oynayır".


Qəmər Kazımzadə