Yabanı bitkilərin orqanizmə təsiri

Tarix: 19:44 17.04.2025
Təbiət min bir dərdin dərmanı olan bitkilərlə zəngindir. İnsanlar qədim zamanlardan bu günə qədər yabanı bitkilərdən həm qida, həm də şəfa mənbəyi kimi istifadə ediblər. Müasir dövrdə isə bu bitkilərin faydaları elmi şəkildə araşdırılır və onların insan orqanizminə təsiri daha dərindən öyrənilir.
Mövzu ilə bağlı Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüsynova "İnformator.az"a açıqlamasında bildirib ki, nəzərə almaq lazımdır ki, bir çox bitkilərin, xüsusilə yabanı bitkilərin müalicəvi təsiri olmaqla yanaşı, orqanizmə əks təsirləri də ola bilər:
"Buna görə bitkini istifadə etməmişdən əvvəl mütəxəssislərlə məsləhətləşmək lazımdır. Çünki bəzi bitkilər allergik reaksiyalara səbəb ola bilər. Mütləq bitkinin tərkibi və mənşəyi bəlli olmalıdır. Bəzən mənşəyi bəlli olmayan bitkilərdən istifadə etmək sağlamlıq problemlərinə gətirib çıxara bilər. Amma bu bitkilərin müsbət təsirləri də çoxdur. Çünki tərkiblərində vitamin, mineral, antioksidant və kimyəvi maddələr var. Bunlar immun sistemini gücləndirir, orqanizmin zərərli maddələrdən təmizlənməsinə kömək edir, hüceyrələrin yenilənməsini tənzimləyir. Bəzi bitkilər mərkəzi sinir sisteminin çalışmasına kömək olur, bəziləri əsəb sakitləşdirici təsirə malikdir. Bu xüsusiyyətlərinə görə onların istifadəsi də fərqli olur. İtburnu daha çox istifadə olunan bitkilər sırasındadır. O antioksidant maddələrlə və C vitamini ilə zəngin olduğuna görə immun sistemini gücləndirməklə yanaşı, müəyyən xəstəliklərin müalicəsi zamanı istifadə olunur. Bəzi bitkilərin yarpaqları, xüsusi ilə əncir və tut yarpağı qanda şəkər səviyyəsini tənzimləməyə kömək edir. Bəzi bitkilər var ki, bunlardan qarında ağrı, spazma, şişkinlik olduqda hətta xaricə istifadə olunur. Hər kəs üçün neytral olaraq qəbul oluna biləcək nanə və kəklikotu isə stressin azaldılması və yuxusuzluq üçün istifadə olunur".
Fatimə Heydərova