Sözün Pünhanı – Baba Pünhanın xatirəsinə

Tarix: 21:08 17.04.2025
17 aprel... Bu tarix, Azərbaycan poeziyasının satirik səsi, xalqın sözünə dayaq olan bir şairin – Baba Pünhanın bu dünyadan köç etdiyi gündür. Elə bir şair ki, qələmində nə yumor susdu, nə də acı həqiqətlərə göz yumdu.
1948-ci ilin noyabrında Bakının Kürdəxanı torpağında dünyaya gələn Atababa Seyidəli oğlu Mədətzadə sonradan ədəbi dünyada Baba Pünhan adı ilə tanındı. El şairi oldu – amma elin səsini söyləyən, onun dərdini dildə, zarafatla çəkə bilən bir "baba". Onun şeirlərində söz həm gülürdü, həm də ağlayırdı. Hər misrası ya bir dərdin üstünü açır, ya da özünü sanki bir xalqın vicdanı kimi göstərirdi.
Pünhanın yaradıcılığı klassik poeziya ilə başlasa da, zamanla o, özünü daha sərt və birbaşa ifadə edə biləcəyi satirada tapdı. Deyirdi ki, "doğrular tikanlı yollardır" – və o, bu yollarda ayaqyalın da olsa, irəliləməkdən çəkinmirdi.
“Bakının dərdi var, Bakı xəstədir...” – bu misra təkcə bir şeirin deyil, bir dövrün ruhunu özündə daşıyırdı. Onun satirası təkcə gülmək üçün deyildi, düşünmək, silkələnmək üçün idi. Və xalq da bu səsi duydu, sevdi, əzbərlədi.
2004-cü ilin 17 aprelində isə ürəyi dayandı. Sözün ürəyi sanki bir anlıq susdu. Amma onun misraları susmadı, susmur. Kürdəxanı torpağı onu qucaqlasa da, hər oxunan misrasında o yenidən doğulur.
Baba Pünhan – nə sirli, nə pünhan... Əksinə, sözünü açıq deyən, haqqı gizlətməyən bir söz ustası idi. Və bu gün – onun vəfatının ildönümündə – həmin açıq söz, həmin yanan qələm yenə də bizimlədir.
Nigar Həsənzadə