Tramp administrasiyası Harvard Universitetindən xarici vəsaitləri bəyan etməsini istədi

Bölmə: Dünya › ,
Tarix: 21:08 18.04.2025

ABŞ-də Donald Tramp administrasiyası, Harvard Universitetinə verilən vəsaitlərin dayandırılmasından sonra universitetdən son 10 ildə aldığı xarici vəsaitlərin tam siyahısını tələb edib.

 

Təhsil Nazirliyi 2014-2019-cu illərdəki bəyanatların natamam olduğunu bildirərək, bağış və müqavilələrlə bağlı tərəflərin kimliklərini, e-poçt və mesajları da əhatə edən geniş məlumat istəyib. Həmçinin, 2016-dan bəri universitetdən çıxarılmış xarici tələbələrin məlumatları da tələb olunub. Təhsil naziri Linda McMahon bu addımın Harvard-ın xarici təsirlərlə hərəkət etmədiyinə əmin olmaq məqsədi daşıdığını deyib. Harvard Universiteti isə açıqlamasında, illərdir qanuna uyğun olaraq 250 min dolları aşan xarici vəsaitləri mütəmadi olaraq bəyan etdiyini bildirib. Tramp administrasiyası daha əvvəl də universitetlərə, o cümlədən Harvard-a qarşı federal vəsaitlərin istifadəsi ilə bağlı araşdırma başlatmış, 2,2 milyard dolları dondurmuşdu. Tramp, Harvard-ın artıq nüfuzlu bir təhsil ocağı olmadığını bildirib və vergi imtiyazlarının ləğv edilə biləcəyini açıqlayıb.


Anadolu Ajansı

Billurə Quliyeva